“AzerGold” QSC-də Xocalı faciəsinin 25-ci ildönümü münasibətilə anım tədbiri keçirilib

“AzerGold” QSC-də Xocalı faciəsinin 25-ci ildönümü münasibətilə anım tədbiri keçirilib Çıxışlardan sonra Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş olunub
Qarabağ
25 Fevral , 2017 14:25
“AzerGold” QSC-də Xocalı faciəsinin 25-ci ildönümü münasibətilə anım tədbiri keçirilib

Bakı. 25 fevral. REPORT.AZ/ “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib.

Qurumdan “Report”a verilən məlumata görə, anım tədbirində Xocalı şəhər İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.

Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov faciə barədə məlumat verib. O, həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimizin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın həlak olduğunu, 487 dinc sakinin ağır yaralandığını, 1275 nəfərin isə girov götürüldüyünü diqqətə çatdırıb.

Sədr hadisəyə ilk hüquqi-siyasi statusun 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən verildiyini və Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırıldığını vurğulayıb.

Z.İbrahimov Xocalı ilə bağlı aparılan təbliğat kampaniyaları barədə danışaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının xüsusi əhəmiyyətini qeyd edib.

Tədbirdə iştirak edən və hadisənin şahidləri olmuş Xocalı şəhər İcra Hakimiyyətinin nümayəndələri yaşanan faciənin dəhşətlərini tədbir iştirakçılarına çatdırıb. Erməni işğalçılarının törətdikləri vəhşiliyin nə dərəcədə dəhşətli olduğu bir daha xatırlanıb. İcra hakimiyyətinin nümayəndələri “AzerGold” QSC-nin keçirdiyi tədbiri yüksək qiymətləndiriblər və bu cür tədbirlərlə soyqırımın yad edilməsinin böyük əhəmiyyətini qeyd ediblər.

Çıxışlardan sonra Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş olunub. 

Son xəbərlər

Orphus sistemi