Yuxarı

Azərbaycan Prezidenti: "2016-cı il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaq"

Aprel döyüşləri bizim şanlı tariximizdir

Bakı. 31 dekabr. REPORT.AZ/ "2016-cı il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaq. 1994-cü ildən bu günə qədər ilk dəfə idi ki, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etmişdir. Aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq bizim ordumuz düşmənə sarsıdıcı zərbələr vurmuş və işğal edilmiş torpaqların bir hissəsini azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı işğalçılardan azad edilmişdir. On minlərlə hektar torpağa indi Azərbaycan Ordusu tam nəzarət edir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına ünvanladığı təbrik zamanı deyib.

"Biz şəhidlər də vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq göstərmişdir. Bizim bayrağımız bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. Azad edilmiş torpaqlarda olarkən Azərbaycan bayrağı altında mən bir daha demişdim ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəkdir. Aprel döyüşləri bizim şanlı tariximizdir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır", - deyə, dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Prezidentin çıxışı Azərbaycan Dövlət Televiziysı (AZTV), İctimai Televiziya (İTV) və özəl televiziya kanallarında yayımlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi