​Azərbaycanlı və gürcü gənclər təmas xəttindəki son hadisələrdə ermənilərin günahkar olması ilə bağlı bəyanat yayıblar

​Azərbaycanlı və gürcü gənclər təmas xəttindəki son hadisələrdə ermənilərin günahkar olması ilə bağlı bəyanat yayıblar Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərində törətdiyi təxribatlar qətiyyətlə pislənilib
Qarabağ
5 Aprel , 2016 09:58
​Azərbaycanlı və gürcü gənclər təmas xəttindəki son hadisələrdə ermənilərin günahkar olması ilə bağlı bəyanat yayıblar

Tbilisi. 5 aprel. REPORT.AZ/ Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası (GAHA), “Borçalı İrəli” İctimai Birliyi, “Novatorlar Birliyi” və “Gürcüstanın İslahatçı Gənclər Alyansı”nın (GİGA) üzvləri Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən və atəşkəs rejimini pozmasından ciddi narahatdırlar.

"Report" xəbər verir ki, bu narahatçılıq bu qurumların üzvlərinin Tbilisidə keçirilən “dəyirmi masa”da səslənib.

Gənclər təşkilatlarının üzvləri Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərində törətdiyi təxribatları qətiyyətlə pisləyiblər.

GAHA-nın sədri Əli Bədirov və “Borçalı İrəli” İB-nin sədri Məhəbbət İmanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, ermənilərin azərbaycanlılara, gürcülərə və Cənubi Qafqazda yaşayan digər millətlərə qarşı törətdiyi cinayətlər, terror aktları barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycana qarşı əsassız ərazi iddiası irəli sürən Ermənistan rəhbərliyi və siyasətçiləri bölgədə sabitliyi pozmağa çalışır. Azərbaycan isə ərazilərinin işğal olunmasına baxmayaraq yenə də sülhsevər siyasətinə sadiq qalır. Lakin son günlər cəbhə xəttində baş verən hadisələr bir daha göstərdi ki, sülhün bərqərar olması üçün güclü olduğunu da sübut etməlisən. Azərbaycan ordusu da bunu göstərdi.

“Novatorlar Birliyi”nin sədri Vako Pajava və GİGA-nın rəhbəri Daçı Çitaya çıxışlarında deyiblər ki, ermənilər təkcə Azərbaycanda deyil Gürcüstanda təxribatlar, cinayətlər törədiblər. Bildirilib ki, imperiya qüvvələrinin əlində vasitə olan Ermənistan Gürcüstan ərazisində də misli görünməmiş cinayətlər törədib. Gürcüstan ərazilərinin işğal olunmasında onların da rolu olub.

Çıxışlarda son günlər Azərbaycanın işğal altında olan ərazilərində baş verən hadisələrin Gürcüstanda da narahatçılıq doğurduğu vurğulanıb. Gənclər Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bildiriblər.

Azərbaycan-Gürcüstan dostluğundan bəhs edən gənc siyasətçilər münasibətlərimizin daha da möhkəmlənməsində gənclərin rolunu xüsusi qeyd ediblər. Bildirilib ki, Gürcüstanın ağır günlərində Azərbaycan rəhbərliyi və xalqı daim gürcü xalqının yanında olub, dost köməyini əsirgəməyib. Gürcü gənclər bunu unutmurlar və azərbaycanlı həmyaşıdlarının yanındadırlar.

Sonda gənclər təşkilatları adından bəyanat qəbul olunub.

Sənəddə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün dəstəklənməsinin vacibliyi, son günlər Dağlıq Qarabağ və ona bitişik digər Azərbaycan torpaqlarında baş verən təxribatlarda, atəşkəsin pozulmasında ermənilərin günahkar olduğu qeyd edilir.

Son xəbərlər

Orphus sistemi