Yuxarı

Azərbaycanlı deputat AŞPA komitəsinin iclasında işğal altındakı muzeylərimizdən danışıb

AŞPA-nın qış sessiyası ərəfəsində qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin son iclasları keçirilib

Bakı. 4 dekabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Parisdə yerləşən qərargahında dekabrın 3-də və 4-də qış sessiyası ərəfəsində qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin son iclasları keçirilib.

Avropada təhsilin, elmin, mədəniyyətin və mətbuatın bir sıra aktual problemlərinin müzakirəsi iki gün ərzində komitə iclaslarında dəvətli qonaqların və ekspertlərin iştirakı ilə davam edib.

Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov da bu müzakirələrdə iştirak edərək Azərbaycanda azad internet fəzasının olmasından, ifadə azadlığı üçün bütün imkanların mövcudluğundan bəhs edib. O deyib: “İnternetin tam açıq qapıları bəzən ondan sui-istifadə üçün də meydan açır. İstər ayrı-ayrı şəxslər, istərsə də informasiya agentlikləri internetdə hansısa materialları paylaşarkən azadlıq anlayışının mühüm bir şərtini bəzən unudurlar ki, bir kəsin azadlığının sərhədi digərinin azadlığının sərhədinə qədərdir. Yəni, ifadə azadlığı heç də kimin, ya kimlərinsə, eləcə də dövlət və onun hansısa xəttinin, siyasətinin haqqında sona qədər dəqiqliklə yoxlanmamış məlumatları ictimailəşdirmək üçün əsas ola bilməz. İfadə azadlığı, xüsusən internet kimi ani yayılma imkanı olan məkanda bu hüquqdan istifadə informasiya yayıcısından daxili nəzarəti qat-qat artırmağı, ən əvvəl özünün özünə nəzarətçi redaktor olmasını tələb edir”.

Mədəniyyət, elm, təhsil və media komitəsində britaniyalı deputat Ledi Diana Eklesin hazırladığı “Avropa kitabxana və muzeyləri dəyişikliklər dövründə” adlı məruzə də ciddi maraq doğuran mövzulardan olub.

Müzakirələrdə çıxış edən deputat Rafael Hüseynov təmsil etdiyi ölkənin də dünya muzeylər və kitabxanalar şəbəkəsi ilə getdikcə daha artan rabitə və bağlılıqlarını vurğulayıb, yeni zamanın və elektronlaşmanın bu sahələrin inkişafına böyük töhfə verdiyini qeyd edib. Azərbaycanlı deputat, eyni zamanda, Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonun muzey və kitabxana həyatına da sarsıdıcı zərbələr vurulduğundan bəhs edərək deyib: “Azərbaycanın işğal altındakı ərazilərində yüzlərlə kitabxana, onlarla son dərəcə maraqlı və zəngin muzeylər var idi. Təəssüflər olsun ki, həmin ərazilərdəki digər mədəni sərvətlər, tarixi abidələr, qədim tarixli məzarlıqlar kimi onlar da ya qəsb olunub, ya da tam məhv edilib. Qarabağdakı diyarşünaslıq muzeylərində arxeoloji qazıntılar zamanı tapılmış nadir eksponatlar, Azərbaycan xalçaçılarının və el sənətkarlarının misilsiz əl işləri, nadir əlyazmalar qorunurdu. Yüz minlərlə qiymətli tarix yadigarı erməni işğalı nəticəsində məhv edilib. Mənim rəhbərlik etdiyim Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Qarabağda, Şuşada filialı var idi. İyirmi ildən çoxdur ki, həmin muzeyin əməkdaşları məcburi köçkün həyatı yaşayırlar. Onlardan bəziləri Şuşa işğal edilərkən oradakı muzeydə qorunan tək-tək eksponatları xilas edərək özləri ilə gətirmişdilər. Amma xilas edə bilmədikləri minlərlə eksponat zəbt olunmuş ərazidə qalıb. XIX əsrdə çəkilmiş misilsiz freskaları, ya üstü yazı və rəsmlərlə örtülü qədim daşları necə xilas edib gətirmək olardı?! Müharibə zərərdidəsi olan həmin Qarabağ muzeyinin işçiləri digər beynəlxalq təşkilatlarla yanaşı, hər il məşhur dünya muzeylərinə, öz həmkarlarına müraciət edərək səslərinə səs verilməsini istəyirlər.

Biz bu gün dəyişən, yeniləşən, texniki tərəqqinin təzə-təzə imkanları ilə bir qədər də inkişaf edən muzey və kitabxanalarımızdan, onların daha gözəl gələcəyindən danışırıq. Amma bu fərəhli müzakirələri edə-edə işğal edilmiş ərazilərdəki müharibə, vandalizm, qəsb qurbanı olan muzey və kitabxanaları da unutmayaq!”

Məruzəçi yekun mətni hazırlayarkən deputat Rafael Hüseynovun fikirlərini nəzərə alacağını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi