Yuxarı
    Bağlamaq

    Azərbaycanın dini liderləri Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər

    Müraciəti dörd dini lider imzalayıb

    Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycanın dili liderləri Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ünvanlayıb.

    "Report" xəbər verir ki, müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Alban-udi xristian icmasının sədri Robert Mobili imzalayıb. 

    Dini liderlər Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda törədilmiş soyqırımın 25-ci ildönümü ərəfəsində dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə bir daha müraciət etdiklərini bildiriblər: "Tarixi fakt ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə qəfil silahlı basqın etmiş və oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törətmişdir. Erməni silahlı quldurlarının təcavüz etdiyi həmin gecə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xocalı şəhəri yerlə yeksan edilmiş, əhalinin 150 nəfəri itkin düşmüş, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalmış, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilmişdir.

    Mahiyyəti etibarilə, Xocalı faciəsi – Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eynidir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan xalqı öz doğma torpaqlarında etnik təmizləmə, maddi və mənəvi terrora məruz qalmış, erməni ekstremistləri ərazimizin 20 faizini işğal etmiş, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salmış, zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv etmişlər. Xocalıda məqsədyönlü soyqırımı aktı isə erməni vəhşiliklərinin kulminasiya nöqtəsidir.

    İyirmi beş il müddət keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almamış, Birləşmiş Millətlər Təşkilatınin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələbləri bu günədək yerinə yetirilməmişdir. Azərbaycanın beynəlxalq ictimaiyyətə mütəmadi müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısa da, təəssüf ki, bu dəhşətli cinayətə etinasız yanaşanlar da mövcuddur.

    Bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin təməlində bəzi dövlətlərin, təşkilatların və dini liderlərin problemlərə münasibətindəki ikili standartlar, rasizm, antisemitizm, ksenofobiya, islamofobiya kimi təhlükəli meyllər dayanır. Bu yanaşma səbəbindən törədilən qətliamlar, o cümlədən, Xocalı faciəsi layiqli qiymətini almadıqca, yeni-yeni bəşəri cinayətlərə, hümanitar fəlakətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, terror, ekstremizm, separatçılıq üçün zəmin yaranır.

    Azərbaycanın üzləşdiyi bu təcavüz və onun nəticəsində bir milyonluq qaçqın və məcburi köçkün probleminə biganə münasibət bəslənməsinin, soydaşlarımızın erməni ekstremistləri tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmasının hesabının sorulmaması nəticəsində erməni tərəfi təxribatlarından nəinki əl çəkmir, öz dədə-baba yurdlarında uyuyan qohumlarının qəbrini ziyarət edən vətəndaşlarımızı əsir, girov götürərək onlara qarşı olmazın işgəncələr tətbiq edir, meyidlərin qaytarılması məsələsində belə beynəlxalq konvensiyalara əməl etməkdən boyun qaçırır.

    Biz, Azərbaycanda yaşayan müxtəlif konfessiyalardan olan din xadimləri Azərbaycanın ərazi bütövlüyünün Ali Baş Komandanımızın rəhbərliyi ilə bərpası yönündə səylərin uğurla nəticələnməsinə inanır və onun üçün dualar edir, Vətənimizin ayrılmaz hissəsi olan Qarabağda torpaqlarımızın azad olması uğrunda həlak olmuş bütün şəhidlərin, o cümlədən, Xocalı şəhidlərinin əziz xatirəsini daima uca tuturuq. Bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyən hər birimizin Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin bərqərarına nail olmaqdır. Dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə bir daha müraciət edərək, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırım aktı kimi tanımağa çağırırıq.

    Qoy Uca Yaradan hamımıza savab əməllərdə, həqiqəti yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!".

    Foto: Elşən Baba

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi