Yuxarı

Azərbaycanın Braziliyadakı səfirliyi “Hərbi münaqişələrin həllində qanun aliliyinin və ədalətin rolu” mövzusunda tədbir keçirib

Tədbirdə Rio de Janeyro şəhərinin ictimayi-siyasi, elmi-akademik dairələrin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər

Bakı. 25 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə Azərbaycanın Braziliyadakı səfirliyi Rio de Janeyro Federal Universiteti ilə birgə “Hərbi münaqişələrin həllində qanun aliliyinin və ədalətin rolu” mövzusunda tədbir keçirib. “Report”un məlumatına görə, tədbirdə Rio de Janeyro Federal Universitetinin professor və tələbə heyəti, Rio de Janeyro şəhərinin ictimai-siyasi, elmi-akademik dairələrin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Xocalı soyqırımı haqqında məlumat verərək, Xocalıda baş vermiş cinayətin müəllifləri, onun kvalifikasiyası və ona münasibətdə beynəlxalq hüquqi məsuliyyətin müəyyənləşdirilməsi barədə ətraflı danışıb. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə, o cümlədən Braziliyada həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası barədə bəhs edib.

Rio de Janeyro Federal Universitetinin professoru Aleksandr Jebit Xocalı soyqırımının həqiqətlərinin Braziliyada yayımlanmasında bu tədbirin vacibliyini vurğulayaraq erməni təcavüzü nəticəsində Azərbaycanın qarşılaşdığı ağır vəziyyət barədə danışıb.

Sonra səfir E.Sultanov Xocalı faciəsi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, mahiyyəti, münaqişənin həlli üzrə danışıqlar prosesi və digər məsələlər barədə tədbir iştirakçılarının suallarını cavablandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi