Azərbaycanda təhsil alan iranlı tələbələr Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda təhsil alan iranlı tələbələr Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıb "Biz Xocalı faciəsinin xatirəsini dərin ehtiramla yad edib və bəşəriyyətə qarşı törədilən hər növ cinayəti pisləyirik"
Qarabağ
25 Fevral , 2015 20:15
Azərbaycanda təhsil alan iranlı tələbələr Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıb

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanda təhsil alan iranlı tələbələr Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıb.

Bu barədə "Reporta" Azərbaycanda təhsil alan iranlı tələbələrin elmi-mədəni birliyindən məlumat verilib. 

Bəyanatda bildirilib ki, Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir: "Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Beynəlxalq hüquqa əsasən, soyqırım ən ağır cinayətlərdəndir. Lakin təəssüf ki, Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqırımı aktları həyata keçirilməsinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz qiymətini almayıb”.

Sənəddə qeyd olunub ki, ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən soyqırım aktı kimi tanınmalıdırlar: “Cinayət törədənlərə qarşı isə sanksiyalar tətbiq edilməlidir. Nüfuzlu beynəlxalq qurumları birmənalı mövqe nümayiş etdirərək, bir daha bu soyqırımı pisləməyə, onu törədənlərin layiq olduqları cəzanı tezliklə alması üçün səyləri artırmağa çağırırıq”.

Bəyanatda həmçinin Ermənistandan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməsi tələb edilib: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalı, onlar öz doğma yurdlarına qayıtmalı, günahsız, dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır. Artıq 23 ildir dünya, o cümlədən İran xalqı Xocalı faciəsini Azərbaycan xalqı ilə birgə qeyd edir, konfranslar, tədbirlər, sərgilər təşkil etməklə Azərbaycanla həmdərd olduqlarını nümayiş etdirir. Biz iranlı tələbələrin Azərbaycandaki birliyi olaraq, Xocalı faciəsinin xatirəsini dərin ehtiramla yad edib və bəşəriyyətə qarşı törədilən hər növ cinayəti pisləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!".

Son xəbərlər

Orphus sistemi