Azərbaycanda məktəblilərin fənn olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO

Azərbaycanda məktəblilərin fənn olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO Bu il 22 min şagird iştirak edib ki, bu da ötən ilə nisbətən 4 dəfə çoxdur
Qarabağ
20 Aprel , 2015 15:53
Azərbaycanda məktəblilərin fənn olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO

Bakı. 20 aprel. REPORT.AZ/ Respublika fənn olimpiadalarının final mərhələsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, ali məktəb rektorları, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, təhsil ekspertləri, məktəb direktorları, qabaqcıl müəllimlər, valideynlər, şagirdlər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin şagirdləri arasında respublika fənn olimpiadasının keçirilməsini onların müxtəlif fənlərə marağının artırılması, istedadlı məktəblilərin aşkara çıxarılması baxımından yüksək dəyərləndirib. Nazir "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın istedadlı uşaqların inkişafına yönəlmiş bir sıra mühüm hədəfləri özündə əks etdirdiyini vurğulayıb: "Sevindirici haldır ki, olimpiadaya 23 bölgədən şagirdlər qatılıb. Bu il tədbirdə 22 min şagird iştirak edib ki, bu da ötən ilə nisbətən 4 dəfə çoxdur. Eyni zamanda, qızıl medal qazanan 14 şagirdimiz də bu olimpiadada öz biliklərini sınayıblar".

M.Cabbarov onu da qeyd edib ki, bu il Azərbaycanda yarış və olimpiadaların keçirilməsi ilidir: "Bildiyiniz kimi, iyun ayında Bakıda I Avropa Oyunları reallaşacaq ki, bu da tariximizdə bir ilk olacaq. Həmçinin, gələn ay ölkədə beynəlxalq dünya kimya olimpiadası keçiriləcək. Bu da Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə baş tutacaq". 

Nazir qaliblər arasından beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizədlərin seçiləcəyinə diqqət çəkib. 

Sonda respublika fənn olimpiadalarının final mərhələsində I, II və III yeri tutan şagirdlərə diplom və medallar təqdim olunub, Təhsil Nazirliyi tərəfindən qaliblərə qiymətli hədiyyələr verilib.

Qeyd edək ki, respublika fənn olimpiadalarında bu il ilk dəfə olaraq iştirakçılar arasından hər fənn üzrə "birincilərin birincisi" nominasiyası üzrə qalib müəyyənləşib və olimpiada fənləri sırasına coğrafiya da əlavə olunub. Eləcə də əvvəlki illərdən fərqli olaraq yoxlamada şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları ilkin mərhələdə açıq şəkildə deyil, test sınağı formasında tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi