Yuxarı

Zakir Həsənov: "Azərbaycana qarşı yönəldilən hərbi təcavüzün qarşısını almağa hazır və qadir ordumuz var"

Bunu Azərbaycanın müdafiə naziri 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı çıxışında deyib

Bakı. 31 mart.REPORT.AZ/ "31 mart 1918-ci il Azərbaycan xalqının tarixinin qanlı səhifələrindəndir. Analoqu olmayan bu faciələr əzəli və əbədi torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətidir". 

Müdafiə Nazirliyindən "Report"a verilən xəbərə görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar çıxışında deyib.

Nazir çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevin imzaladığı 1998-ci il 26 mart tarixli fərmanın ermənilərin, həmçinin onların havadarlarının Azərbaycan xalqının başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında çox böyük və əhəmiyyətli rolu var: "Həmin fərmanda qeyd edilir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açılır, təhrif edilən hadisələr özünün əsl qiymətini alır. Tarixin açılmamış və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış səhifələrindən biri - xalqımıza qarşı törədilən soyqırım məhz ulu öndərin sayəsində beynəlxalq aləmdə geniş təbliğ olunmağa başlanıb. Artıq 17 ildir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir".

"Bu gün soyqırım qurbanlarının, ağır zamanlarda xilaskarlıq missiyası ilə köməyə gələn türk qardaşlarımızın, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini hörmətlə, ehtiramla yad edir və əmin olduğumu bildirirəm ki, siz qan yaddaşımızın kəsərli silah olduğunu heç vaxt unutmayacaq, tarixin ibrət dərslərindən nəticə çıxaracaqsınız. Müstəqil dövlətin iqtisadiyyatı durmadan dinamik sürətlə inkişaf edir. Prezident İlham Əliyevin apardığı həm daxili, həm də xarici siyasət nəticəsində ölkənin nüfuzu dünyada günü-gündən yüksəlir. Azərbaycana qarşı yönəldilən hər hansı hərbi təcavüzün qarşısını almağa hazır və qadir ordumuz var. Üçrəngli bayrağımızın tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarımızda dalğalanacağı heç kimdə şübhə doğurmamalıdır. Biz buna Ali Baş Komandanımızın rəhbərliyi altında birlikdə nail olacağıq. İnanıram ki, Azərbaycan əsgəri bundan sonra da Vətən uğrunda Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinə hər an hazır olacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni-yeni uğurlu nailiyyətlər qazanacaq!", - Z.Həsənov çıxışında vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi