Yuxarı

Azərbaycan XİN Uruqvay nazirinə istinadən verilən xəbərlərə münasibət bildirib

Azərbaycanın Uruqvaydakı diplomatik missiyası bu məsələni Uruqvay XİN-lə araşdıracaq

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Uruqvay xarici işlər nazirinə istinadən verilən xəbərlərə münasibət bildirib. “Report”un xəbərinə görə, H.Hacıyev deyib ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Uruqvaydakı diplomatik missiyası bu məsələni Uruqvay XİN-lə araşdıracaq.

“Bir çox hallarda “asbarez.com” kimi erməni kütləvi informasiya vasitələrində bu kimi xəbərlər təhrif olunur, xüsusilə də ümumi kontekstdən çıxarılmış formada təqdim olunur. Xatırladım ki, Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin bu yaxınlarda Ermənistanda səfərdə olarkən söylədiyi fikirləri də təhrif olunmuşdu. Danilo Astorinin söylədiyi iddia olunan fikirləri aydınlaşdırarkən Uruqvay Xarici İşlər Nazirliyi həmin şəxsin özünə istinadən bildirilib ki, bu məlumat həqiqətə uyğun deyil, onun tərəfindən belə fikirlər səsləndirilməyib və Uruqvayın rəsmi mövqeyi münaqişə tərəflərinin maraqlarını nəzərə alaraq, münaqişənin dialoq, danışıqlar və sülh yolu ilə həllini dəstəkləməkdən ibarətdir”, - H.Hacıyev bildirib.

Qeyd edək ki, “asbarez.com” saytının iddiasına görə, Uruqvayın XİN başçısı erməni nümayəndə heyəti ilə görüşdən sonra qondarma "Dağlıq Qarabağ Respublikasını" tanımağa çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi