Azərbaycan XİN Ukrayna televiziyasına işğal olunan ərazilərdə çəkiliş aparmağa icazə verib

Azərbaycan XİN Ukrayna televiziyasına işğal olunan ərazilərdə çəkiliş aparmağa icazə verib “Xarici KİV nümayəndələrinə verilən akkreditasiya Xankəndi, Şuşa, Ağdam, Kəlbəcər və digər işğal olunmuş ərazilərdə hüquqi gücə malik sənəddir”
Qarabağ
15 İyul , 2016 16:34
Azərbaycan XİN Ukrayna televiziyasına işğal olunan ərazilərdə çəkiliş aparmağa icazə verib

Bakı. 15 iyul. REPORT.AZ/ Ukraynanın İCTV kanalının çəkiliş qrupu bir müddət bundan əvvəl Azərbaycanda olub və qoşunların təmas xəttindəki vəziyyət, Ermənistan qoşunlarının mülki Azərbaycan əhalisinə qarşı törətdikləri hücumlar barədə ətraflı və obyektiv veriliş hazırlayıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bundan sonra İCTV-nin çəkiliş qrupu rəsmən Xarici İşlər Nazirliyinə müraciət edib və Azərbaycanın işğal olunan ərazilərində çəkiliş aparılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin akkreditasiyası və icazəsini xahiş edib.

İCTV-nin redaktor müavini Viktor Soroka tərəfindən XİN-nə ünvanlaan 12 may 2016-ci il tarixli məktubda deyilir: “Jurnalist Yaroslav Marçenko və Oleksandr Kulakov Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, o cümlədən Azərbaycanın qanunlarına tam hörmət edirlər. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə səfər heç bir halda işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin təşviqinə xidmət etməyəcək. Bununla əlaqədar, İCTV-nin çəkiliş qrupuna Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər üçün icazə və akkreditasiya verməyinizi xahiş edirik”.

H.Hacıyev bildirib ki, xarici KİV nümayəndələrinin akkreditasiya qaydalarına uyğun olaraq, bu müraciət nəzərdən keçirilib və İCTV kanalının çəkiliş qrupuna Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək üçün icazə və akkreditasiya verilib: "XİN tərəfindən xarici KİV nümayəndələrinə verilən akkreditasiya kartı bütün Azərbaycan ərazisində, o cümlədən Xankəndi, Şuşa, Ağdam, Kəlbəcər və digər işğal olunmuş ərazilərimizdə hüquqi gücə malik sənəddir.

İCTV kanalının işğal olunmuş ərazilərimizdən hazırladığı verilişin mahiyyəti ilə razılaşmasaqsa da, bu kanalın Azərbaycanın işğal olunmuş ərazilərimizə Azərbaycanın qanunlarına hörmət edərək, müvafiq icazə və akkreditasiya kartı əsasında səfəri qeyd olunmalıdır.

Bəzi media orqanlarının işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfərlərinə baxmayaraq, "Nyu-York Times", Polşanın İctimai Televesiyasi, "AlJazeera Arabic" və digər KİV nümayəndələri məhz Azərbaycanın icazəsi ilə işğal olunmuş ərazilərə səfər ediblər. Hal-hazırda bu qəbildən olan bir neçə müraciət də nəzərdən keçirilir".  

Son xəbərlər

Orphus sistemi