Yuxarı
    Bağlamaq

    Azərbaycan XİN Rusiyada keçirilən KVN festivalında Qarabağ separatçılarının iştirakına münasibət bildirib

    Bu addım KVN hərəkatının məqsəd və məramları ilə bir araya sığmır, Azərbaycan və Rusiya arasındakı strateji tərəfdaşlıq əlaqələrinin ruhuna zidddir

    Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanın Xarici İşlər Nazirliyi “Şən və hazırcavablar klubu”nun (KVN) Beynəlxalq İttifaqı və “AMİK” Televiziya Yaradıcılıq Birliyinin Soçidə keçirilən 28-ci beynəlxalq KVN festivalına Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində yaradılan qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarının dəvətinə münasibət bildirib.

    XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirliyin yaydığı bəyanatda bu addıma etiraz bildirilib. 

    "Azərbaycan ictimaiyyəti, ölkəmizin çoxsaylı KVN sevərləri və KVN həvəskarları “С хлебом и солью” və “DeleYaman” komandalarının 28-ci KVN festivalına dəvətini təxribatçı və qərəzli addım kimi qiymətləndirərək buna kəskin etiraz edirlər", - deyə bəyanatda vurğulanıb. 

    Bəyanatda qeyd olunub ki, Azərbaycan daim KVN hərəkatının ruhunu, məqsədlərini, insanlar və xalqlar arasında sülhü və dostluğu təşviq edən məramlarını dəstəkləyib: "Ölkəmizin KVN komandaları ənənəvi olaraq KVN yarışları və festivallarında fəal iştirak edib və bu hərəkatın inkişafına öz töhfələrini veriblər. Azərbaycan KVN komandasının əldə etdiyi son nailiyyətlər də bunun bariz göstəricisidir.

    Lakin, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” komandalarının 28-ci Beynəlxalq KVN festivalına dəvəti mədəniyyətin və KVN-in siyasiləşdirilməsi məqsədi daşıyaraq, KVN hərəkatının məqsəd və məramları ilə bir araya sığmır, Azərbaycan və Rusiya arasındakı strateji tərəfdaşlıq əlaqələrinin ruhuna ziddir.

    “KVN” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyi 28-ci Beynəlxalq KVN festivalında “С хлебом и солью” və “DeleYaman” komandalarının iştirakına şərait yaratmaqla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin pozulmasını dəstəkləyən qeyri-dost hərəkət nümayiş etdirir, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, işğal olunmuş ərazilərdə törətdiyi qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin, separatizmin təbliğinə və təşviqinə xidmət edir. Tədbirin təşkilatçılarına məlumdur ki, separatizmdən qaynaqlanan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazilərinin 20 faizi işğal olunub və bir milyondan artıq insan öz doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmək məcburiyyətində qalıb".

    "Ümid edirik ki, “КВН” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyi separatizmin təbliğini qarşısına məqsəd qoyan və KVN-in xalqlar arasında dostluğu, əmin-amanlığı və sülhü təşviq edən məramlarının ruhuna xələl gətirən belə təxribatçı komandaların iştirakına yol verməyəcəkdir", - deyə XİN-in bəyanatında bildirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi