Yuxarı

​Azərbaycan XİN Nalbandyana cavab verib

“Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və Böyük Sülh Sazişi üzərində işə başlamalıdır”

Bakı. 8 aprel. REPORT.AZ/ “Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyi həmsədrlərin mandatına dair 1995-ci il Budapeşt sənədində qeyd olunduğu kimi beynəlxalq hüquq, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində isə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb olunur”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Moskvada keçirdiyi mətbuat konfransında söylədiyi fikirlərinə münasibət bildirərkən deyib.

“Əgər Ermənistan xarici işlər naziri iddia edirsə ki, Ermənistanın münaqişənin həllinə dair mövqeyi beynəlxalq ictimaiyyət və ATƏT Minsk qrupunun həmsədrlərinin mövqelərinə uyğundur, onda Ermənistan öz işğalçı qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalı və Böyük Sülh Sazişi üzərində işə başlamalıdır.

Sual olunur ki, bəs onda Ermənistan Böyük Sülh Sazişi üzərində işə başlamaqdan niyə imtina edir və bununla əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinin ən yüksək səviyyədə olan çağırışlarını rədd edir?

Ermənistan xarici işlər naziri bu bəyanatla əslində ölkəsinin rəhbərliyinin danışıqlar prosesində yalan və möhtəkirlik əsasında yürütdüyü siyasətini bir daha ifşa edir. Ona görə də məqsədyönlü şəkildə danışıqlar prosesini pozan və Azərbaycana qarşı işğal və təcavüz nəticəsində yaranan mövcud status-kvonu saxlamağa çalışan Ermənistana münasibətdə sülhə məcburedici mexanizmlər, o cümlədən sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir”, - H.Hacıyev vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi