Azərbaycan XİN: Ermənistan xüsusi narahatlıq və təşviş içərisindədir

Azərbaycan XİN: Ermənistan xüsusi narahatlıq və təşviş içərisindədir Rəsmi Bakı Ermənistan və Rusiya xarici işlər nazirlərinin Yerevanda birgə mətbuat konfransında səslənən fikirlərə münasibət bildirib
Qarabağ
10 Noyabr , 2015 14:18
Azərbaycan XİN: Ermənistan xüsusi narahatlıq və təşviş içərisindədir

Bakı. 10 noyabr. REPORT.AZ/ "Rəsmi Ermənistanın Avropa Şurası Parlament Assambleyasının Siyasi məsələlər və demokratiya komitəsinin üzvü Robert Uolter tərəfindən hazırlanan hesabata və komitənin qəbul etdiyi müvafiq qətnaməyə isterik münasibəti bariz şəkildə Ermənistanın xüsusi narahatlığı və təşviş içərisində olmasından xəbər verir. Bu Ermənistanın münaqişənin həllinə dair beynəlxalq ictimaiyyətin ədalətli və haqlı mövqeyindən nə dərəcədə qorxmasının daha bir göstəricisidir".

"Report" xəbər verir ki, bunu Ermənistan və Rusiya xarici işlər nazirləri Sergey Lavrov və Eduard Nalbandiyanın Yerevanda birgə mətbuat konfransında səslənən fikirlərə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

XİN rəsmisi qeyd edib ki, noyabr 9-da Ermənistan və Rusiya xarici işlər nazirlərinin Yerevanda keçirilmiş birgə mətbuat konfransında sözügedən hesabat müzakirə mövzusu olub: "Biz də mətbuat konfransında münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində (822, 853, 874, 884) təsdiq olunduğu kimi Ermənistan və Azərbaycan arasında olan razılıq əsasında ATƏT-in Minsk qrupunun fəaliyyət göstərməsi barəsində olan fikri bölüşürük.

Minsk qrupunun həmsədrlərinin mandatına dair 23 mart 1995-ci il tarixli 525/95 saylı ATƏT sənədində də həmsədrlərin öz fəaliyyətlərində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri (822, 853, 874, 884), BMT Nizamnaməsi və ATƏT-in Budapeşt sammitinin qərarlarını rəhbər tutmaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası haqqında BMT Təhlükəsizlik Şurasının prezidenti və BMT-nin baş katibinə hesabat vermələri təsbit olunub.

Xarici İşlər Nazirliyi dəfələrlə öz narazılığını bildirib ki, ATƏT Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurası tərəfindən ona verilən mandatı hələ ki doğrultmayıb. 20 ildən artıq dövr ərzində ATƏT-in Minsk qrupu münaqişənin həll edilməsində hər hansı irəliləyişə nail olmayıb, obrazlı şəkildə desək, Ermənistan Silahlı Qüvvələrinin bir əsgəri belə işğal olunan Azərbaycan ərazilərini tərk etməyib və bir qaçqın və məcburi köçkün öz doğma yurd-yuvasına qayıtmayıb".

H.Hacıyev qeyd edib ki, bunun da əsas səbəbi ATƏT Minsk qrupunun Ermənistanın Azərbaycan ərazilərini davam edən işğalına münasibətdə barışdırıcı mövqeyi tutmasıdı: "Çox təəssüf ki, Ermənistanın dəstəyi ilə ATƏT Minsk Qrupunun həmsədrlərinin sülh prosesini inhisara almaq və mövcud status-kovunu olduğu kimi saxlamağa cəhd göstərmələri barəsində hələ də güclü qənaət vardır".

XİN sözçüsü deyib ki, Azərbaycan beynəlxalq təşkilatları və dünya ictimaiyyətini Ermənistanın təcavüzü, ərazilərinin işğalı, işğal olunan ərazilərində törədilən dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması haqqında məlumatlandırmağa dair öz təcrübəsini və fəaliyyətini davam etdirir: "ATƏT Minsk Qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının qeyd olunan qətnamələrində və həmsədr ölkələrin Prezidentlərinin Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarında təsbit olunduğu kimi sülh danışıqlarında irəliləyişə nail olmaq üçün səylərini artırmalıdırlar.

Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün malik olduğu bütün vasitələrdən istifadə edəcəkdir".

Son xəbərlər

Orphus sistemi