Yuxarı

Azərbaycan XİN Ermənistanın cəbhə xəttindəki təxribat əməllərinə münasibət bildirib

Ermənistanın münaqişənin həllinə dair danışıqlar prosesində iştirakı yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmağa xidmət edir

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın cəbhə xəttindəki təxribat əməllərinə münasibət bildirib.

"Report"un məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq, Azərbaycan Respublikasına qarşı işğal və təcavüz törətmiş dövlət kimi vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür: "Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu regional sabitlik və təhlükəsizliyi təhdid edən gərginliyin yaranmasının əsas səbəbidir. Ermənistanın məqsədyönlü şəkildə vəziyyətin gərginləşməsinə yönəlmiş təxribatçı əməlləri münaqişənin həllinə mane olmaq və Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaranmış mövcud status kvonu saxlamaq məqsədi daşıyır".

Onun sözlərinə görə, Ermənistan rejimi “cəbhədə vəziyyətin gərginləşməsi” bəhanəsini əlində alət edərək, bu vasitə ilə uğursuz şəkildə ölkədaxili siyasi-iqtisadi və demoqrafik böhrandan, xüsusilə son günlərdə ölkədə yaranmış gərgin siyasi vəziyyətdən diqqəti yayındırmağa çalışır: "Ermənistanın cəbhədə son günlər ərzində verdiyi çoxsaylı itkilər Ermənistan rejiminin bu məsuliyyətsiz siyasətinin nəticəsidir. Bütün bu təxribatçı əməllərin fonunda Ermənistanın münaqişənin həllinə dair danışıqlar prosesində iştirakı siyasi möhtəkirlik xarakteri daşıyaraq, yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmağa xidmət edir".

H.Hacıyev deyib ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, işğal və təcavüz faktı aradan qaldırılmalıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi