Azərbaycan XİN Ceyms Uorlikin həmsədrlikdən getməsinə münasibət bildirib

Azərbaycan XİN Ceyms Uorlikin həmsədrlikdən getməsinə münasibət bildirib "Status-kvonun dəyişdirilməsi isə işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edir"
Qarabağ
21 Noyabr , 2016 16:20
Azərbaycan XİN Ceyms Uorlikin həmsədrlikdən getməsinə münasibət bildirib

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsindən getməsinə münasibət bildirib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında həmsədrə uğurlar arzuladığını deyib: "ABŞ-dan olan həmsədr Ceyms Uorlikə gələcək fəaliyyətində uğurlar arzu edirik. Ümumiyyətlə, bizim ATƏT-in Minsk qrupunun həmsədrlərindən gözləntimiz fərdi deyil, institusional xarakter daşıyır. Belə ki, instutusional olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında həllini təmin etməlidirlər. Nəticə etibarilə, ATƏT-in Minsk qrupu həmsədrlərinin dövlət başçıları səviyyəsində qəbuledilməz və qeyri-davamlı hesab etdiyi status-kvo dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi isə işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edir. Təəssüf ki, ötən 20 ildən çox müddət ərzində Azərbaycan əraziləri işğaldan azad edilməyib və regionda davamlı sülh və təhlükəsizlik təmin olunmayıb".

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik tutduğu vəzifədən gedir. Belə ki, onun həmsədr kimi səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır.

Son xəbərlər

Orphus sistemi