Azərbaycan XİN başçısı: "Həll olunmamış münaqişələr Avropa qitəsi üçün əsas təhlükə olaraq qalır"

Azərbaycan XİN başçısı: "Həll olunmamış münaqişələr Avropa qitəsi üçün əsas təhlükə olaraq qalır" "Ermənistan yalnız prosesdə iştirakını təqlid edir"
Qarabağ
3 Dekabr , 2015 16:19
Azərbaycan XİN başçısı: Həll olunmamış münaqişələr Avropa qitəsi üçün əsas təhlükə olaraq qalır

Bakı. 3 dekabr. REPORT.AZ/ "ATƏT məkanında həlli uzadılmış münaqişələr Avropa qitəsində sülh və təhlükəsizliyə əsas təhdid və çağırış olmaqda davam edir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclasında deyib.

Nazir təəssüflə qeyd edib ki, Bazeldə keçirilmiş son Nazirlər Şurası görüşündən sonra Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində real irəliləyiş olmayıb: "Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlər dövlətlərinin prezidentləri də daxil olmaqla, beynəlxalq ictimaiyyətin sülh müqaviləsi üzərində nəticəyönümlü danışıqlara başlanılmasına dair çağırışlarına məhəl qoymur. Ermənistan rəhbərliyi qeyri-qanuni güc tətbiqi və etnik təmizlənmə vasitəsilə yaradılmış davamlı olmayan status-kvonun möhkəmləndirilməsi üçün danışıqlarda iştirak görüntüsü yaradır".

Azərbaycan XİN başçısı vurğulayıb ki, təcavüzkar və təcavüzün qurbanı olan tərəfə “tarazlı” və fərq qoyulmadan yanaşma heç vaxt arzulanan nəticəni verməyəcək: "Təcavüzkarın məmnun edilməsi onu yalnız daha da həvəsləndirir. Misal olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsi məqsədilə beynəlxalq humanitar və insan hüquqlarının açıq şəkildə pozulması ilə işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşmanın aparılması, infrastrukturun dəyişdirilməsi, qeyri-qanuni olaraq mülkiyyətin, təbii resursların və digər sərvərlərin istismari və ticarətini qeyd etməliyəm. Bu kontekstdə, bu təşkilatın siyasi nizamlanma vasitələrinin işlək saxlanılmasına xidmət edən prinsip və dəyərlərinin müdafiəsi istiqamətində iştirakçı dövlətlərin prinsipial mövqe nümayiş etdirməsi çox vacibdir".

E.Məmmədyarov bildirib ki, işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu istənilən vaxta gərginliyin artması ilə gözlənilməz fəsadlar doğuracaq və qeyri-sabitlik yaradacaq amildir: "Bununla da münaqişənin nizamlanması BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1193) saylı qətnamələrində də tələb olunduğu və ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin mandatında da əks olunduğu kimi, Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılması ilə başlanmalıdır.

Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulması və Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən çıxarılması həmçinin mühüm etimadyaradıcı tədbir olacaq və sülh prosesinin dinamikasını tamamilə dəyişərək, Cənubi Qafqaz regionunun hərtərəfli və davamlı inkişafı üçün geniş imkanlar aça bilər. Bu, həmçinin zorla öz evlərindən didərgin salınmış əhalinin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına, münasibətlərin normallaşmasına, regionda kommunikasiyanın bərpasına, eyni zamanda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmasına Azərbaycan daxilində birgə gələcək perspektivlərinin müzakirəsi məqsədilə real, obyektiv şəraitin yaradılmasına yol açacaq.

Bu baxımdan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov tərəfindən irəli sürülmüş, digər Minsk Qrupu həmsədrləri tərəfindən dəstəklənmiş ideyalar sülh danışıqlarında irəliləyişə nail olunması istiqamətində çox yaxşı təkan ola bilər".

Son xəbərlər

Orphus sistemi