Azərbaycan XİN Bako Saakyanın Moskvaya səfər etməsinə münasibət bildirib

Azərbaycan XİN Bako Saakyanın Moskvaya səfər etməsinə münasibət bildirib Hikmət Hacıyev: "Bako Saakyanın digər ölkələrə səfərlərinə imkan verilməsi qəbuledilməzdir"
Qarabağ
14 Noyabr , 2015 12:42
Azərbaycan XİN Bako Saakyanın Moskvaya səfər etməsinə münasibət bildirib

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi qondarma "Dağlıq Qarabağ Respublikasının prezidenti" Bako Saakyanın Rusiyaya səfər etməsinə münasibət bildirib.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında deyib ki, Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına əsasən Moskvada qondarma rejimə həsr olunan “günlər” və ümum erməni fondunun Rusiya üzrə tele-marafonu çərçivəsində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxs Moskvaya səfər edib.

Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi tərəfindən rəsmi kanallar vasitəsilə ilk gündən bu məsələ araşdırılır. Moskva hökuməti səfirliyimizin ilkin müraciətinə cavabında ümumiyyətlə belə bir səfərdən və tədbirdən xəbərsiz olduğunu bildirib.

Xarici İşlər Nazirliyi yalnız Ermənistan KİV-nin məlumatı əsasında məsələyə münasibət bildirə bilməz.

Bu baxımdan sözügedən səfərin məqsədi və təşkilatçıları rəsmi mənbələr əsasında dəqiq şəkildə müəyyən olunduqdan sonra Azərbaycanın münasibəti diplomatik kanallarla Rusiya tərəfinə çatdırılacaqdır.

Ümumiyyətlə, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Bako Saakyanın digər ölkələrə səfərlərinə imkan verilməsi qəbuledilməzdir. Bu kimi səfərlər qondarma rejimin təşviqinə və Ermənistanın təxribatçılıq məqsədlərinə xidmət edərək münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir. Məsələ ilə əlaqədar Azərbaycanın qəti və birmənalı mövqeyi bütün tərəflərə çatdırılır.      

Son xəbərlər

Orphus sistemi