Yuxarı
    Bağlamaq

    XİN: "Prezidentlərin görüşü ərəfəsində də Ermənistan təxribat-diversiya əməlləri törədir"

    Ermənistan təxribat əməlləri ilə qəsdən vəziyyəti gərginləşdirərək, hər bir vəchlə danışıqlar prosesini pozmağa çalışır

    Bakı. 18 dekabr. REPORT.AZ/ "Azərbaycan və Ermənistan prezidentlərinin 19 dekabr tarixində İsveçrədə keçirilməsi planlaşdırılan görüşü ərəfəsində də Ermənistan tərəfindən insan itkisi ilə müşayiət olunan təxribat-diversiya əməllərinin törədilməsi həyata keçirilir. Hətta qoşunların təmas xəttinə yaxın ərazilərdə və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki obyektlər hədəfə alınır".

    Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

    Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın açıqlamasına münasibət bildirən H.Hacıyev qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesi çərçivəsində prezidentlər və ya digər səviyyələrdə görüşlərin keçirildiyi ərəfədə və ya görüşlərdən sonra Ermənistan tərəfindən qəsdən vəziyyətin gərginləndirilməsi, təxribat-diversiya əməllərinin törədilməsi həyata keçirilir: Rəsmi Yerevan 2014-cü ilin noyabrında Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə keçirilmiş Azərbaycan və Ermənistan Prezidentlərinin görüşündən dərhal sonra təxribatçı məqsədlərlə Azərbaycanın işğal olunmuş ərazilərində 46 000 şəxsi heyətin və 5 000 ədəddən artıq texnikanın iştırakı ilə genişmiqyaslı hərbi təlim keçirərək, məlum helikopter insidentinin baş verməsinə rəvac verdi.

    Bu ilin sentyabrında Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi, dekabrda isə Belqradda ATƏT-in nazirlər şurasının iclası dövründə Ermənistan tərəfindən yenə də qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəsin intensiv şəkildə pozulmasına yol açan təxribatçı əməllərə əl atıldı".

    H.Hacıyev bildirib ki, Ermənistan bu kimi təxribat əməlləri ilə qəsdən vəziyyəti gərginləşdirərək, hər bir vəchlə danışıqlar prosesini pozmaq, münaqişənin həllində irəliləyişə nail olunmasına imkan verməmək, qeyri-davamlı və qəbuledilməz olan status kvonu saxlamaq məqsədi güdür.

    O vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin işğal edilən Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə olaraq, vəziyyətin gərginləşməsinə və insidentlərin baş verməsinə xidmət edir: "Münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü bərqərar etmək üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, ilk növbədə Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılması, qaçqın və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması təmin olunmalıdır.

    Təcavüzkar və işğalçı dövlət kimi yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi