Yuxarı

Torpaqlarımızın işğalı faktını təsdiq edən yeni Müharibə Hesabatı ictimaiyyətin ixtiyarına verilib

Hesabatında 2013-cü il ərzində 26 dövlətin ərazisində baş vermiş və davam etməkdə olan 39 silahlı münaqişə barəsində məlumat verilir

Bakı. 6 fevral. REPORT.AZ/ Cenevrə şəhərində yerləşən Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutunda (VİAMİ) 2014-cü ilin dekabr ayında təqdimatı keçirilmiş yeni Müharibə Hesabatı 2015-ci ildən geniş ictimaiyyətin ixtiyarına verilib.

"Report"un Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinə istinadən verdiyi xəbərə görə, sözügedən Hesabat VİAMİ və Cenevrə Universitetinin birgə mərkəzi olaraq fəaliyyət göstərən Beynəlxalq Humanitar Hüquq və İnsan Hüquqları üzrə Cenevrə Akademiyası tərəfindən hazırlanıb və “Oxford” Universitetinin nəşriyyat evi tərəfindən çap edilib.

Müharibə Hesabatında 2013-cü il ərzində 26 dövlətin ərazisində baş vermiş və davam etməkdə olan 39 silahlı münaqişə barəsində məlumat verilir. Sözügedən hesabat dövlətlər, BMT və onun ixtisaslaşmış təşkilatları, beynəlxalq qeyri-hökumət təşkilatları və akademik dairələr üçün dünyada mövcud olan münaqişələr ilə bağlı arayış və istinad mənbəyi qismində istifadə edilməsi məqsədilə nəşr edilib.

Hesabatda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi faktı birmənalı şəkildə yenidən təsdiq edilib, münaqişə tərəflərinin yalnız Ermənistan və Azərbaycan olması vurğulanıb. Hesabatın Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş 44-48-ci səhifələrində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin yeddidə bir hissəsindən çoxunun işğal edildiyi bildirilib, işğalçı dövlət olaraq Ermənistanın öhdəlikləri diqqətə çatdırılıb. Hesabatın sözügedən münaqişəyə həsr olunmuş hissəsi “Ermənistan tərəfindən Azərbaycanın hərbi işğalı” adlanır.

Cenevrə Akademiyası silahlı münaqişə vəziyyətlərinə dair beynəlxalq hüququn müvafiq sahələri ilə bağlı elmi tədqiqat işlərinin aparılması, təlim kursları və mütəxəssis görüşlərinin keçirilməsi sahəsində fəaliyyət göstərir. Cenevrə Akademiyası sözügedən fəaliyyətin həyata keçirilməsi məqsədilə 2007-ci ildə Cenevrə Universitetinin Hüquq Fakültəsi və Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutu tərəfindən birgə təsis edilib. Cenevrə Akademiyasının fəaliyyəti İsveçrənin Lozan Universiteti, Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İsveçrənin Xarici İşlər üzrə Federal Departamenti tərəfindən dəstəklənir.

Xatırladaq ki, sözügedən Müharibə Hesabatının ilk nəşri 2012-ci ili əhatə edib və 2013-cü ilin dekabr ayında buraxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi