Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçiləri dəfn olunub - FOTO - VİDEO - YENİLƏNİB

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçiləri dəfn olunub - FOTO - VİDEO - YENİLƏNİB Şəhidin dəfnindən sonra xatirəsinə yaylım atəşi açılıb
Qarabağ
5 Aprel , 2016 17:53
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçiləri dəfn olunub - FOTO - VİDEO - YENİLƏNİB

Bakı. 5 aprel. REPORT.AZ/ Aprelin 3-dən 4-ə keçən gecə cəbhə xəttinin Tərtər rayonu istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan Azərbaycan ordusunun giziri Nurlan Bayram oğlu Əsgərli doğulduğu bu gün axşam saatlarında Masallı rayonun Kalinovka kəndində torpağa tapşırılıb. 

“Report”un məlumatına görə, dəfn mərasimində rayon rəhbərliyi, kənd sakinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Masallı rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər. Mərasimdə çıxış edənlər torpaqlarımız uğrunda şəhid olanların yaxınlarına Allahdan rəhmət diləyib, Masallı övladlarının lazım gəldikdə silaha sarılmağa hazır olduqlarını bəyan ediblər.

Şəhidin dəfnindən sonra xatirəsinə yaylım atəşi açılıb və Azərbaycan bayrağı şəhidin atasına verilib.

Qeyd edək ki, şəhid gizir N.Əsgərli 2014-cü ilin yanvar ayında Masallı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılan 21 yaşlı hərbçimiz müddətdən artıq hərbi xidmətdə olub. 

*** 17:32

Cəbhə xəttinin Tərtər rayonu istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan Azərbaycan ordusunun giziri Orxan Kazım oğlu Hümbətov və əsgər Vüqar Natiq oğlu Süleymanovun cənazələri Şəki rayonuna gətirilib.

“Report”un məlumatına görə, 24 yaşlı şəhid, gizir O.Hümbətov rayonun Kiş kəndində torpağa tapşırılıb. 23 yaşlı şəhid, əsgər V.Süleymanov isə Böyük Dəhnə kəndində dəfn olunub. 

Hər iki şəhidin dəfn mərasimdə Müdafiə Nazirliyinin (MN), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) nümayəndələri, rayon hüquq-mühafizə orqanlarının rəsmiləri, kənd sakinləri ilə yanaşı, şəhidlərin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti və rayon ictimaiyyəti iştirak edib.
Şəhidlərin dəfnindən sonra xatirələrinə yaylım atəşi açılıb.

***17:19

Azərbaycan ordusunun şəhid olan əsgəri Ağdaş rayonunda dəfn olunub. "Report"un məlumatına görə, təmas xəttində ermənilərin taxribatlarının qarşısını alan zaman şəhid olan 19 yaşlı əsgər Ömər Cəbrayılovun cənazəsi rayonun Şəkili kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid Ömər Cəbrayılov bu il yanvarın 4-də Ağdaş rayonundan hərbi xidmətə yola salınıb. O, cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.


***16:51

Ermənilərin Azərbaycan ərazilərinə təcavüzünün qarşısını alan zaman şəhid olan Silahlı Qüvvələrin əsgəri, 20 yaşlı Teymur Qasımov dəfn olunub. "Report"un məlumatına görə, şəhidin cənazəsi Göyçay rayonunun Çaxırlı kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) nümayəndələri, Göyçay Rayon İcra Hakimiyyətinin (RİH), rayon hüquq-mühafizə orqanlarının rəsmiləri, kənd sakinləri ilə yanaşı, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, şəhid Teymur Qasımov 2014-cü ilin oktyabrında Göyçay rayonundan həqiqi hərbi xidmətə yola salınıb. O, cəbhənin Füzuli rayonu istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirərkən həlak olub.


***16:03

Cəbhə xəttinin Tərtər rayonu istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan Azərbaycan ordusunun zabiti, baş leytenant Rəşid Rövşən oğlu Mehdiyevin cənazəsi Salyan rayonunun Xələc kəndinə gətirilib. 

“Report”un məlumatına görə, şəhid Xələc kəndində torpağa tapşırılıb. Mərasimdə Salyan rayonunun rəsmiləri, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti və rayon ictimaiyyəti iştirak ediblər. Şəhidin dəfnindən sonra xatirəsinə yaylım atəşi açılıb və Azərbaycan bayrağı şəhidin atasına verilib.

Son xəbərlər

Orphus sistemi