Yuxarı

Azərbaycan Silahlı Qüvvələri ermənilərin mövqelərinə 180 atəş zərbəsi endirib

Erməni silahlı bölmələri minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 136 dəfə pozub

Bakı. 4 sentyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 136 dəfə pozub.

"Report" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. 

Nazirlikdən bildirilib ki, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Yarımca, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Qaraqaşlı, Kəngərli, Novruzlu, Sarıcalı, Cəvahirli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Əbdürrəhmanlı, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 180 atəş zərbəsi endirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi