Azərbaycan səfirinin məqaləsi Pakistan mətbuatında çap olunub

Azərbaycan səfirinin məqaləsi Pakistan mətbuatında çap olunub Məqalədə Xocalı soyqırımına xüsusi yer ayrılıb
Qarabağ
25 Fevral , 2015 15:51
Azərbaycan səfirinin məqaləsi Pakistan mətbuatında çap olunub

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun "Dağlıq Qarabağ münaqişəsi: mənbəyi, hazırkı durumu, hüquqi aspektləri" adlı məqaləsi ölkənin nüfuzlu ingilis dilli "Pakistan Observer", "Navai Vakt", "Al-Azkaar" qəzetləri, "Centreline" və "Pakistan in the World" jurnalları həmçinin "DNA News" informasiya agentliyində çap olunub. Bu barədə "Report"a səfirlikdən məlumat verilib.

Məqalədə 1991-ci ilin sonunda başlayan hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağ və ətrafındakı 7 rayon daxil olmaqla Ermənistan tərəfindən Azərbaycanın 20 faizə yaxın ərazilərinin işğal olunduğu vurğulanıb.

Məqalədə həmçinin Xocalı soyqırımına xüsusi yer ayrılıb və faciənin ermənilər tərəfindən düşünülmüş bir soyqırımı aksiyası olduğu qeyd edilərək, buna sübut kimi qətliamın icraçılarında biri olan Ermənistanın hazırkı prezidenti S.Sarqsyandan sitat əlavə edilib.

Daha sonra D.Şikarov BMT-nin Baş Assambleyası tərəfindən 1948-ci ildə qəbul edilmiş "Qətliamın qarşısının alınması və Soyqırımı Cinayətinə görə Cəza" konvensiyasına əsasən, Xocalıda soyqırımı aksiyasının baş verdiyini bildirib və bu soyqırımın Pakistan İslam Respublikası da daxil olmaqla, bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi rəsmi tanındığını vurğulayıb.

Pakistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe haqqında yazan səfir Daşqın Şikarov Azərbaycanın dövlət müstəqilliyini tanıyan Pakistan İslam Respublikasının Ermənistanı bir dövlət kimi tanımadığını və Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəklədiyini qeyd edib. Xüsusilə də Pakistan Senatının 2012-ci ilin fevralın 1-də qəbul etdiyi qətnamədə Xocalı soyqırımını rəsmən tanıdığını və bu cinayətin arxasında duranların məsuliyyətə cəlb olunmasını tələb etdiyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi