Yuxarı

Azərbaycan səfiri İtaliya mətbuatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən danışıb

Beynəlxalq birlik atəşkəsin tez-tez pozması hallarına biganə yanaşmamalıdır.

Bakı. 15 oktyabr. REPORT.AZ/ İtaliyanın “İl Giornale” qəzetinin saytında Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqovun Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-İtaliya əlaqələri, ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və bir sıra digər məqamlarla bağlı müsahibəsi yayılıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri, problemin həlli istiqamətində aparılan danışıqlar prosesi barədə məlumat verən səfir Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bildirib. Vurğulayıb ki, bu bölgənin adı da Azərbaycan mənşəli “qara” və “bağ” sözlərinin birləşməsindən yaranıb. V.Sadıqov deyib: “Ermənilərin zaman-zaman azərbaycanlılara qarşı irəli sürdükləri əsassız ərazi iddiaları 1988-ci ildə daha da gücləndi. Bununla da Dağlıq Qarabağda qanlı müharibə başlandı. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal etməsi nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Separatçı rejim Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq birlik, hətta Ermənistan tərəfindən belə tanınmayan qondarma bir “respublika” yaradıb”.

Münaqişənin həlli modelləri ilə bağlı sualı səfir bu cür cavablandırıb: “Azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarından sonra Azərbaycan Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verməyə hazırdır. Beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, Avropa Şurasının, Avropa Parlamentinin, NATO-nun və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədləri bizim haqlı olduğumuzu göstərir”. V.Sadıqov əlavə edib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, hərbi sektorda da sürətli inkişaf müşahidə edilir. Münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi bir nəticə vermədiyi təqdirdə, Azərbaycan torpaqlarını hərbi yolla geri qaytarmaq iqtidarındadır. Son aylarda cəbhə xəttində Ermənistanın atəşkəsi tez-tez pozması halı müşahidə olunur. Beynəlxalq birlik bu gərginliyə biganə yanaşmamalıdır.

Ölkəmizdə insan haqlarının müdafiəsi, demokratik islahatlar, mətbuat azadlığı istiqamətində böyük irəliləyişlərə nail olunduğunu diqqətə çatdıran səfir qeyd edib ki, bir sıra Avropa ölkələri ilə müqayisədə Azərbaycanda müxalifət yönümlü media resurslarının fəaliyyətinə hörmətlə yanaşılır. Hazırda ölkəmizdə həbsdə olan bəzi jurnalistlər peşə fəaliyyətinə görə deyil, məhz Azərbaycan qanunlarını kobud şəkildə pozduqlarına görə bu münasibətlə qarşılaşıblar.

Azərbaycanın terrorizmlə mübarizə sahəsində gördüyü işlər barədə məlumat verən V.Sadıqov ölkəmizin uzun illər erməni terrorunun hədəfi olduğunu bildirib. Diqqətə çatdırıb ki, Ermənistan tərəfindən işğal olunduqdan sonra Dağlıq Qarabağ terrorçu qruplaşmaların məkanlarından birinə çevrilib. Azərbaycan 2001-ci il sentyabrın 11-dən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindən biridir və beynəlxalq terrorizmlə mübarizədə önəmli rol oynayır.

Azərbaycan-İtaliya əlaqələrinə toxunan səfir bildirib ki, bu münasibətlərin dərin tarixi kökləri var. Bütün sahələrdə yüksək səviyyəli əlaqələrimiz mövcuddur. İtaliya Avropa İttifaqında Azərbaycanın önəmli tərəfdaşıdır. Dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərləri, müxtəlif sahələri əhatə edən sazişlərin imzalanması bu əməkdaşlığın genişlənməsinə töhfə verməkdədir. TAP layihəsinin reallaşması ilə bu münasibətlər daha da dərinləşəcək, Azərbaycan Avropanın önəmli qaz təchizatçısına çevriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi