Yuxarı

Azərbaycan səfiri: "ATƏT-in Minsk qrupunun həmsədrləri səylərini regionda öz maraqlarının güdülməsinə yönəldib"

ATƏT-in Minsk qrupunun həmsədrləri sülh prosesini inhisara alıb

Bakı. 12 aprel. REPORT.AZ/ "Təəssüf ki, son günlər ərzində biz Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan kəndlərinin görünməmiş gərginlik və atəş altında saxlanılmasının, nəticədə də mülki əhalinin həlak olması və ya yaralanmasının şahidi olduq".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə aprelin əvvəllərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində gərginliyin artmasını şərh edərkən "Diplomatic Magazine" nəşrinə müsahibəsində deyib.

Diplomatın sözlərinə görə, Azərbaycan tərəfi humanistlik göstərərək birtərəfli qaydada atəşkəsə əməl edəcəyini açıqlayandan sonra Ermənistan tərəfi bu çağırışı qəbul etməyib, əksinə hərbi əməliyyatların miqyasını genişləndirib.

Gərginliyin artmasının səbəbləri barədə danışan T.Tağızadə ətraflı məlumat verib: "Birincisi, unutmayın ki, Ermənistan ordusu Azərbaycanın işğal olunmuş ərazilərində əməliyyatlar keçirir və qoşunlarını bu torpaqlardan çəkməklə bağlı çağırışlara məhəl qoymur. İkincisi, beynəlxalq ictimaiyyət, xüsusilə də ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün adekvat addımlar atmayıb. Həmsədrlər sülh prosesini inhisara alıb və prosesə qatqı verə biləcək digər institutlar və ya ölkələrlə əməkdaşlıqdan imtina edir. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri səylərini regionda davamlı sülhü bərqərar etmək əvəzinə, öz maraqlarının güdülməsinə yönəldib. Münaqişənin həlli yalnız BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icrası ilə mümkün ola bilər", - deyə səfir bildirib.

Səfir, həmçinin Cənubi Qafqaz regionunun Avropanın bir hissəsi olduğunu və onun sərhədlərində baş verən hadisələrin bütünlükdə qitənin təhlükəsizliyi üçün təhdid ola biləcəyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi