Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidentinin köməkçisi: "Geosiyasi oyunlar Qarabağ münaqişəsinin yenidən alovlanmasına səbəb ola bilər"

    Novruz Məmmədov: Biz həmsədr dövlətlərdən və dünya birliyindən münaqişənin ədalətli həlli üçün konkret addımlar gözləyirik© Report.az

    Bakı. 17 iyul. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi geosiyasi oyunların nəticəsidir və belə oyunlara görə yenidən alovlana bilər".

    "Report"un məlumatına görə, bunu RİA "Novosti"yə müsahibəsində Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov bildirib.

    O qeyd edib ki, geosiyasi oyunlar davam edənə qədər münaqişə ilə bağlı vəziyyət dəyişməyəcək: "Dağlıq Qarabağ münaqişəsi 25 ildən artıqdır davam edir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub. Nəticədə bir milyondan çox insan qaçqın və məcburi köçkün olub. Amma problemi "dondurulmuş münaqişə" kimi təqdim etmə cəhdləri davam edir. Əminliklə demək olar ki, münaqişə geosiyasi oyunların nəticəsidir".

    Azərbaycan Prezidentinin köməkçisi deyib ki, beynəlxalq vasitəçilər Azərbaycanın ərazi bütövlüyünün qorunması mövqeyindən çıxış etsələr də, nədənsə birmənalı mövqe tutmamağa üstünlük verirlər: "Biz həmsədr dövlətlərdən və dünya birliyindən münaqişənin ədalətli həlli üçün konkret addımlar gözləyirik".

    N.Məmmədov bildirib ki, bu gün dünyada ədalət yoxdur, çünki Varşava müqaviləsindən sonra dünya onun prinsipini qoruyub saxlaya bilməyib: "Əgər beynəlxalq münasibətlərdə ədalət yoxdursa, universal dəyərlər barədə danışmağın nə mənası var?!".

    Azərbaycan Prezidentinin köməkçisi həmçinin qeyd edib ki, Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinə ədalətli qiymət verilməsi maneələrlə üzləşir: "Bu gün elə bir vəziyyət yaranıb ki, müharibə ilə heç nəyi həll etmək olmaz, çünki münaqişə yeni münaqişə yaradır və superdövlətlər bunda fəal iştirak edir".

    N.Məmmədov xatırladıb ki, Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Azərbaycan Prezidentinin köməkçisi hesab edir ki, bu qrupa zərurət yarandıqda beynəlxalq arenada öz sözünü deməyə qadir olan ölkələr daxildir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi