Bakı. 31 mart. REPORT.AZ/ "Keçmiş Sovet İttifaqı məkanındakı mövcud münaqişələr ölkələrin ərazi bütövlüyü prinsiplərinə riayət olunması yolu ilə həll edilməlidir".
"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Vaşinqtonda ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşü zamanı bildirib.
"Biz Ermənistan və Azərbaycan arasında çoxdan bəri davam edən münaqişənin həlli yollarının axtarılmasında göstərdiyi səylərə görə ABŞ hökumətinə minnətdarıq. Hesab edirik ki, bu münaqişə BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal çıxarılmasını nəzərdə tutan qətnamələri əsasında həll olunmalıdır", — deyə dövlət başçısı əlavə edib.
Prezidentin sözlərinə görə, "Ermənistan və Azərbaycan arasında münaqişə postsovet məkanında olan bütün münaqişələr kimi ölkələrin ərazi bütövlüyü əsasında həll olunmalıdır".