​Azərbaycan Prezidenti: “Ermənistan sülh istəmir”

​Azərbaycan Prezidenti: “Ermənistan sülh istəmir” “Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim ümumi dinamik inkişafımıza təsir etməyib”
Qarabağ
10 Aprel , 2015 14:08
​Azərbaycan Prezidenti: “Ermənistan sülh istəmir”

“Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim ümumi dinamik inkişafımıza təsir etməyib”

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

“Report”un xəbərinə görə, Prezident İlham Əliyev 2015-ci ilin birinci rübünün yekunlarının müsbət olduğunu, bu dövrdə ümumi daxili məhsulun 5 faizdən çox artdığını deyib. Dövlət başçısı Azərbaycanda dinamik inkişafın təmin edildiyini, son 3 ayda qeyri-neft sektorunun 7 faiz, sənaye istehsalının 4 faiz, kənd təsərrüfatının isə 3 faizdən çox artdığını bildirib. Bütün bunların son illərdə ölkədə aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim ümumi dinamik inkişafımıza təsir etməyib. Dövlət başçısı ölkədə inflyasiyanın aşağı səviyyədə qaldığını, istehlak bazarına tam nəzarət edildiyini, əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu da diqqətə çatdırıb.

Birinci rübdə də regionlarda müsbət meyillərin davam etdiyini, 30 minə yaxın yeni iş yerinin yaradıldığını deyən Prezident İlham Əliyev bildirib ki, ölkədə sosial məsələlərin həlli yenə də diqqət mərkəzindədir. Hazırda 20-dən çox tibb müəssisəsinin tikildiyini və ya təmir olunduğunu, əhalinin müayinədən keçirilməsi prosesinin davam etdirildiyini deyən dövlətimizin başçısı bu il dövlət investisiya proqramının geniş olduğunu, zəruri layihələrin icrasının nəzərdə tutulduğunu vurğulayıb, ölkədə həyata keçirilən islahatların aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Ölkəmizin beynəlxalq nüfuzunun artdığını, Azərbaycanın dünya birliyinin dəyərli və etibarlı üzvünə çevrildiyini deyən Prezident İlham Əliyev yürüdülən xarici siyasətin çox çevik və fəal olduğunu diqqətə çatdırıb. Məhz bunun sayəsində son illərdə bölgədə yaşanan böhranlardan ölkəmizin itkisiz çıxdığını deyən dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik ölkə kimi tanınır.

Bu ilin əvvəlindən xaricə etdiyi çoxsaylı səfərlərin ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini diqqətə çatdıran Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. Bildirib ki, Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur. Prezident İlham Əliyev vurğulayıb ki, keçən il həmsədr ölkələrin dövlət başçılarının iştirakı ilə təşkil olunan görüşlərdə Ermənistan hər zaman özünü qeyri-səmimi aparıb, münaqişənin həllində maraqlı olmayıb, Azərbaycan ərazilərinin işğal altında saxlanmasını davam etdirib.

Prezident İlham Əliyev bir daha vurğulayıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, ikili standartlara son qoyulmalıdır.

Dövlət başçısı çıxışında birinci rübdə baş verən iki önəmli hadisəyə - Bakıda “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının iclasının keçirilməsinə və mart ayında Qarsda TANAP layihəsinin təməlinin qoyulmasına da toxunub.

Sonra vergilər naziri Fazil Məmmədov, nəqliyyat naziri Ziya Məmmədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.

Son xəbərlər

Orphus sistemi