Yuxarı
    Bağlamaq

    Azərbaycan prezidenti: "Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır"

    Dövlət başçısı bildirib ki, indiki Ermənistan tarixi Azərbaycan torpağıdır

    Bakı. 30 yanvar. REPORT.AZ/ “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Bu, bizim dədə-baba torpağımızdır. Heç vaxt Azərbaycan xalqı və dövləti bu vəziyyətlə barışmayacaq. Mən tam əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik, azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar və Dağlıq Qarabağa, eyni zamanda, tarixi Azərbaycan torpaqlarına qayıdacaqlar”.

    "Report"un məlumatına görə, bunu prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə deyib.

    Dövlət başçısı bildirib ki, indiki Ermənistan tarixi Azərbaycan torpağıdır. “Əgər keçən əsrin əvvəlində dərc edilmiş xəritələrə baxsaq görərik ki, orada şəhərlərin adlarının böyük əksəriyyəti Azərbaycan mənşəlidir. Ermənistan-Azərbaycan müharibəsinin yaranması əlbəttə ki, bizim dövlətçiliyimizə, dövlətimizə, xalqımıza qarşı törədilən böyük cinayətdir”, - deyə dövlət başçısı vurğulayıb.

    Prezident İlham Əliyev bildirib ki, Ermənistanın əlbəttə ki, böyük havadarları var idi, bu gün də var: “Siz bunu yaxşı bilirsiniz və məsələnin həll olunmamasının səbəbi məhz bundadır. Çünki Ermənistan təkbaşına deyil, onun böyük havadarları, dəstək verənləri var. Dünya gücləri, - təkcə dünya erməniliyindən söhbət getmir, - böyük dövlətlər müxtəlif səbəblərə görə Ermənistanın işğalçılıq siyasətini faktiki olaraq şərtləndirirlər. Ancaq mən bir daha demək istəyirəm və siz də gənclər kimi bunu bilməlisiniz ki, bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımıza qayıtmağımızdır, o cümlədən indiki Ermənistan ərazisinə Azərbaycan əhalisi qayıtmalıdır və qayıdacaq".

    Onun sözlərinə görə, əlbəttə ki, bu, zaman aparacaq: "Ancaq bu, bizim amalımızdır, müqəddəs amalımızdır. Biz hamımız bu amalla yaşamalıyıq. Bu gün Azərbaycanın uğurlu inkişafı, eyni zamanda, əhalimizin artması əminəm ki, buna gətirib çıxaracaq. Yəni, biz öz işimizlə hər gün bu günü yaxınlaşdırmalıyıq”.

    "Minsk qrupunun bugünkü fəaliyyəti tamamilə mənasızdır"

    Dövlət başçısı bildirib ki, “Ermənistan tərəfi vaxtı uzatmağa çalışır". "Çox təəssüf edirəm ki, bu məsələ ilə bilavasitə məşğul olmalı olan Minsk qrupunun həmsədrləri münaqişənin həllinə yox, dondurulmasına çalışırlar”, - deyə prezident vurğulayıb.

    Prezident İlham Əliyev onu da qeyd edib ki, Minsk qrupunun bugünkü fəaliyyəti tamamilə mənasızdır: “Onlar nəinki Ermənistana təzyiq etmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar. Baxın, Avropa Şurasında son dinləmələrdə onların təxribatçı fəaliyyəti nəyə gətirib çıxardı. Sual olunur: onlar özlərini nə sayırlar? Yəni, bütün beynəlxalq təşkilatlara təzyiqmi edəcəklər? Bütün beynəlxalq təşkilatlara göstərişmi verəcəklər? İndi Avropa Şurası bu məsələni gündəliyə çıxarır. Məruzəçi təyin edilibdir. Avropa Şurası beynəlxalq təşkilatdır".

    Onun sözlərinə görə, düzdür, Azərbaycan bu təşkilatla əlaqələri 15 ildir ki, qurubdur və münasibətlərdə heç də hər zaman problemsiz dövr olmamışdır. Ancaq Avropa Şurası ilk dəfə olaraq 2005-ci ildə Ermənistanın işğalını pisləyən qətnamə qəbul edib. Həmin sənəddə göstərilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib: "Əlbəttə, orada müxtəlif adamlar var. Anti-Azərbaycan mövqeyində adamlar var, islamofob adamlar kifayət qədər çoxdur. Ümumiyyətlə, Ermənistanla həmrəy olanlar, erməni lobbisi ilə bağlı olanlar var. Mən orada üzv olmuşam, bunu bilirəm. Ancaq bu təşkilat indi bu məsələni gündəliyə çıxarıb. Minsk qrupunun həmsədrləri onlara təzyiq edirlər ki, bu məsələyə baxılmasın. Məhz bu təxribatçı fəaliyyətə görə bizə 4 səs çatmadı ki, bu qətnamə qəbul olunsun".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi