Azərbaycan Prezidenti: "Avropa da görür ki, separatizm nə dərəcədə təhlükəli meyildir"

Azərbaycan Prezidenti: "Avropa da görür ki, separatizm nə dərəcədə təhlükəli meyildir" "Ermənistanı daha da sıxışdırmalıyıq, sıxışdıracağıq"
Qarabağ
8 Fevral , 2018 16:15
Azərbaycan Prezidenti: Avropa da görür ki, separatizm nə dərəcədə təhlükəli meyildir

Bakı. 8 fevral. REPORT.AZ/ "Beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizi uğurla davam etdirəcəyik. Bütün mötəbər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi dəstəkləyir. BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı – bütün bu aparıcı təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər. Beləliklə, münaqişənin həlli üçün siyasi əsaslar da qoyulub. Hüquqi əsaslar onsuz da var".

“Report” xəbər verir ki, bunu fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır: "Heç bir ölkə bu qondarma qurumu tanımayıb və əminəm ki, heç vaxt tanımayacaq. Tarixi əsaslar da bizim mövqeyimizi gücləndirir. Çünki Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Beynəlxalq təşkilatların qərar və qətnamələri həm hüquqi, həm siyasi əsasları möhkəmləndirir. Münaqişənin həlli ilə bağlı bizim mövqeyimiz üstünlük təşkil edir, xüsusilə indiki şəraitdə. Dünyanın müxtəlif yerlərində, eyni zamanda, Avropada separatizm meyilləri artır. Avropa da görür ki, separatizm nə dərəcədə təhlükəli meyildir. Biz isə təcavüzkar separatizmlə üzləşmişik. Ona görə bütövlükdə münaqişələrlə bağlı dünyada gedən proseslər, yanaşma bizim mövqeyimizi daha da möhkəmləndirib. Təsadüfi deyil ki, keçən ilin noyabrında Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvəsində qəbul edilmiş qətnamə Şərq Tərəfdaşlığına üzv ölkələrin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini birmənalı şəkildə dəstəkləmişdir. Deyə bilərəm ki, ilk dəfə olaraq, bax, bu formada qətnamə qəbul edilmişdir. Bu, Ermənistan üçün növbəti zərbə, onların növbəti məğlubiyyəti idi və bizim növbəti qələbəmiz idi. Əslində bu, haqq-ədalətin növbəti qələbəsi idi. Ona görə bu müsbət meyillər güclənəcək. Biz, sadəcə olaraq, bundan sonra da öz siyasətimizi aparmalıyıq, aparacağıq. Ermənistanı daha da sıxışdırmalıyıq, sıxışdıracağıq və öz həqiqətlərimizi dünya birliyinə çatdırmalıyıq".

Son xəbərlər

Orphus sistemi