Yuxarı

Azərbaycan parlamentində cəbhədəki döyüşlərlə bağlı müzakirələr keçirilir

Bir nəfər də yerindən çəkilmədi

Bakı. 5 aprel. REPORT.AZ/ "Bu haqq işi mütləq sona çatacaq və şəhidlərimizin qanları yerdə qalmayacaq. Bunun üçün də şəhidlərimiz öz qanlarını vətən uğrunda tökdülər". "Report"un məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

"Daxilən qürur duyduğum bir məqam var ki, bu dəfəki vəziyyət fərqlidir. Mülki əhali tamamilə başqa əhval-ruhiyyədir. Bir gözü ağlayan bir gözü gülən şəhid analarının qüruru var ki, övladları vətən uğrunda şəhid olublar. Mülki əhali bu gün özünü səngərdə hiss edir. Heç bir kəs öz yerindən tərpənmədən həyatlarına davam edir. Əsas istəkləri də odur ki, başlanan bu iş sona çatsın. Erməni ordusu işğal olunan ərazilərimizi tərk etsinlər" - B. Muradova əlavə edib.

Deputat Qüdrət Həsənquliyev isə çıxışında öz əmək haqqının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcəyini bəyan edib. O, həmkarlarını da bu addımı atmağa çağırış edib: "Azərbaycan göstərdi ki, kiçik itkilərlə böyük qələbə əldə edə bilərik. Artıq Ermənistan ordusu sınıb, psixoloji illüziya yaranıb. Azərbaycan yaranmış vəziyyətdən istifadə edib düşmən ordusunu məhv etməlidir".

O, eyni zamanda təklif edib ki, Milli Məclis adından müraciət qəbul olunsun: "Əgər erməni anaları əsgərlərin məhv olmasını istəmirlərsə, Sarqsyan hakimiyyətinə yox desinlər. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra danışıqlar baş tuta bilər".

Deputat Qənirə Paşayeva deyib ki, Azərbaycan torpaqlarının bir qarışından belə vaz keçməyək: "Azərbaycanı heç kim qınaya bilməz. Çünki Azərbaycan öz torpaqlarının azad olunması uğrunda mübarizə aparır. Cəbhədə baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı Prezidentinin yanındadır".

Q.Paşayeva Azərbaycan diasporunu da bu işlərdə fəal olmağa çağırıb: "Erməni diasporunun yalan məlumatlarını durdurmaq məqsədilə infomasiya müharibəsində Azərbaycana dəstək verilməlidir. Gənclər də sosial mediada fəal olmalıdırlar".

Spiker Oqtay Əsədov da bildirib ki, bütün təmas xəttində mülki əhali yaşayır: "Lakin bir nəfər də yerindən çəkilmədi. Amma Ermənistan tərəfindən Şuşaya qədər olan hissədən hər kəs qaçır. Nəticə budur. Bizim insanların dövlətə olan inamı sonsuzdur".

O, həmçinin qeyd edib ki, Dağlıq Qarabağın özündə əllərinə silah alıb döyüşə biləcək cavanlar yoxdur: "Sosial şəbəkələrdə qocaların əllərində silahları olan köhnə şəkillər yayılır. Ona görə də bizim mətbuat işçilərindən xahiş edirik ki, düzgün məlumatlara əsaslansınlar. Onlar yaşayış yerini tərk edir. Bu belə də davam edəcək. Bax, biz bunları təbliğ etməliyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi