Yuxarı
    Bağlamaq

    Azərbaycan Müdafiə Nazirliyi ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatına cavab verib

    ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı təəssüf və təəccüb doğurur

    Bakı. 20 noyabr. REPORT.AZ/ "Noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqelərinə hücum edən Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin cavab atəşilə məhv edilməsi faktı ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanat təəssüf və təəccüb hissi doğurur. Bəyanata cavab olaraq bildiririk ki, qoşunların təmas xəttində heç bir neytral ərazi yoxdur və ola da bilməz. Ermənistan tərəfindən işğal olunmuş torpaqlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Azərbaycan Respublikasının əraziləridir". "Report"un xəbərinə görə, bu fikirlər Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda yer alıb.

    Sənəddə bildirilib ki, həmsədrlərin bəyanatında işlədilən "humanitar keçid" termini isə anlaşılmazdır və münaqişənin mahiyyətindən bixəbər olanlara hesablanıb: "Hazırda bu ərazidə heç bir dinc sakin və ya mülki şəxs yoxdur ki, onların döyüş gedən ərazidən çıxarılması üçün hər hansı bir "keçid" və ya "dəhliz" açılsın.

    "Ərazidə atəşin dayandırılması" və "ərazilərin minalardan təmizlənməsi" fikirləri isə tam əsassızdır və erməni tərəfinin maraqlarına hesablanıb. Bu, yalnız bir halda - Ermənistan silahlı qüvvələrinin tamamilə və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılmasından sonra mümkün ola bilər.

    Azərbaycanın daim qarşı tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə, müharibənin aparılması qaydalarına riayət etməsi çağırışına baxmayaraq, Ermənistan hər zaman bundan boyun qaçırır və cinayət törətməkdə davam edir" - deyə, bəyanatda vurğulanıb.

    Müdafiə Nazirliyi bir daha bildirir ki, düşmən tərəfi mütəmadi olaraq qəsdən bu ərazidə təxribatlar törətməklə məsələni qeyri-obyektiv formada təqdim etməyə cəhd göstərir və təəssüflər olsun ki, bu prosesdə münaqişənin dinc yolla həll olunması missiyasını üzərinə götürən, obyektivlik nümayiş etdirməyə borclu olan beynəlxalq qurumları da öz mövqeyindən çıxış etməyə təhrik edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi