Yuxarı

​Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin monitorinqlə bağlı yaydığı məlumatlara münasibət bildirib

“ATƏT-in müşahidəçiləri yaradılan şəraitə görə Azərbaycan tərəfinə minnətdarlıq ediblər”

Bakı. 5 iyun. REPORT.AZ/ “İyunun 5-də Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq zamanı Azərbaycan tərəfinin ATƏT müşahidəçilərini guya ön xəttə çıxarmaması barədə Ermənistanın elektron kütləvi informasiya vasitələrinin yaydığı məlumat tam yalandır və dezinformasiya xarakteri daşıyır”. “Report”un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Açıqlamada bildirilib ki, keçirilən monitorinqdə iştirak edən təcrübəli müşahidəçilərin uzun illərdir bu fəaliyyətlə məşğul olmaları, bölgənin relyefini yaxından tanımalarını nəzərə alaraq onların əvvəlcədən planlaşdırılaraq təyin edilən koordinatlara deyil, başqa nöqtəyə çıxarılması qeyri-mümkündür: “Erməni tərəfi bu cür yalan məlumatlar yaymaqla hər bir vasitə ilə növbəti dəfə beynəlxalq qurumu öz təxribatlarına cəlb etməyə cəhd göstərir, beynəlxalq missiyanı həyata keçirən ATƏT müşahidəçilərinin fəaliyyətinə kölgə salmaq və onların adlarının erməni tərəfinin çirkin əməllərində istifadə edilməsi məqsədini daşıyr.

Müdafiə Nazirliyi bildirir ki, iyunun 5-də qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb və onu həyata keçirən müşahidəçilər (Xristo Xristov və Piter Svedberq) missiyalarının yerinə yetirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan tərəfinə minnətdarlıq ediblər”.

Qeyd edək ki, məhz erməni tərəfi bu ilin yanvar ayının 14-də və 29-da qoşunların təmas xəttində monitorinqlərin plana uyğun olaraq keçirilməsinə mane olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi