​Azərbaycanın müdafiə naziri: "Müharibə hələ bitməyib"

​Azərbaycanın müdafiə naziri: "Müharibə hələ bitməyib" Zakir Həsənov: "Yaxşı olardı ki, inkişaf etmiş dövlətlərin qabaqcıl təcrübələrindən geniş istifadə edilsin"
Qarabağ
17 Dekabr , 2014 16:34
​Azərbaycanın müdafiə naziri: Müharibə hələ bitməyib

Bakı. 17 dekabr. REPORT.AZ/ "Hazırda ölkənin səhiyyə sistemində önəmli yerlərdən birini hərbi təbabət təşkil edir".

"Report"un məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin hərbi tibb xidmətinin rəhbər heyətinin ilin yekunlarına həsr olunan toplantısında çıxışı zamanı deyib.

"Artıq ən mürəkkəb ürək əməliyyatları hərbi hospitalımızda uğurla həyata keçirilir. Mən qürur hissi duyuram ki, hərbi həkimlərimizin sorağı inkişaf etmiş ölkələrdə eşidilir. Bu şöhrət dövlətimizə, xalqımıza, Silahlı Qüvvələrimizə başucalığıdır", - o bildirib.

Z.Həsənov qeyd edib ki, hərbi səhiyyənin peşəkarlıq səviyyəsinin yüksəlməsində önəm kəsb edən əsas amillərdən biri də gənc kadrların hazırlığıdır: "Bu məqsədlə ali təsillərini başa vuraraq, hərbi xidmətə başlayan yeni tibb zabitlərinin gələcəyin peşəkar həkimləri kimi formalaşdırılmasına diqqət yetirilməlidir. Yaxşı olardı ki, inkişaf etmiş dövlətlərin qabaqcıl təcrübələrindən geniş istifadə edilsin".

"Müharibə hələ bitməyib" deyən nazir vurğulayıb ki, qarşıda Azərbaycan torpaqlarının düşmən işğalından azad edilməsi kimi taleyüklü vəzifə dayanır: "Dövlətimizin başçısı da dəfələrlə bəyan edib ki, Azərbaycan öz qanuni ərazilərini son qarışına kimi azad edəcək. Biz öz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç zaman imkan verməyəcəyik. Bu sözlər Azərbaycanın qətiyyətli mövqeyini nümayiş etdirir və bu vəzifəni yerinə yetirməyə hazır olan Silahlı Qüvvələrimizin şəxsi heyəti hər an hərbi əməliyyatların başlanmasına hazır olmalıdır. Şübhəsiz, müharibə meydanında şəxsi heyətin tibbi təminatı ilk növbədə bu sahədə xidmət edən tibb zabitlərinin vətənpərvərliyindən asılıdır. Hər bir döyüşçünün həyatının qorunması üçün əlimizdən gələni etməliyik. Mənə elə gəlir ki, bölgələrdə yerləşən əlahiddə tibb taborlarının maddi-texniki təminatı daha da gücləndirilməli, sanitar-helikopter və ambulanslar ən müasir tibbi avadanlıqlarla təmin edilməlidir".

Son xəbərlər

Orphus sistemi