Yuxarı

QHT nümayəndəsi: "Azərbaycan hökuməti vətənpərvərlik hissinin yüksəldilməsini daim diqqətdə saxlayır"

Bakıda Milli qəhrəmanların tanıdılmasında və təbliğində QHT-lərin rolu” mövzusunda tədbir keçirilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyəti Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu” layihəsi çərçivəsində tədbir keçirib.

"Report" xəbər verir ki, “Milli qəhrəmanların tanıdılmasında və təbliğində QHT-lərin rolu” mövzusunda keçirilən tədbirdə “Müasir inkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Yeni həyat” İctimai Birliyinin sədri Nailə İsmayılova, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, “Vətəninfo” saytının direktoru, Qarabağ qazisi Nahid Canbaxışlı və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Məlahət Xəlilova bildirib ki, ölkədə vətənpərvərlik hissinin yüksəldilməsi hökumətin, eləcə də Heydər Əliyev Fondu və QHT-lərə Dövlət Dəstəyi Şurasının daim diqqətdə saxladığı məsələlərdən olub: "Bu gün sevgisi bütöv, əbədiyaşar, amma taleyi yarımçıq qalan şəhidlərin çoxunun taleyinə Milli Qəhrəman adı yazılıb. 214 nəfərlik bu sərvətin qədrini bilməliyik, onu qorumalıyıq. Müharibə şəraitində yaşayan ölkədə Milli Qəhrəmanların tanıdılması, onların unudulmaması üçün görülən işlər hər kəsin ürəyindən xəbər verir. Xüsusilə də QHT-lərin orta və ali məktəblərdə, eləcə də bir çox özəl qurumlarda və dövlət təşkilatlarında gənclərin vətənpərvərlik ruhunda tərbiyələnməsi üçün həyata keçirdikləri layihələrin Milli Qəhrəmanların tanıdılması istiqamətində çox böyük rolu var. Onlar bu layihələr vasitəsilə Milli Qəhrəmanların keçdikləri döyüş yolunu, Vətən sevgisini, torpaq məhəbbətini böyük məsuliyyətlə təbliğ edirlər".

M.Xəlilova qeyd edib ki, gənclərdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırmaq üçün siyasi və ictimai tərbiyə işinin effektivliyini artırmaq, onların dünyagörüşünü inkişaf etdirmək, özünütərbiyəsinə diqqəti artırmaq, sosial əhəmiyyət kəsb edən ideyaların, normaların və prinsiplərin mənimsənilməsinə yönəldilmiş fəallığı stimullaşdırmaq vacib milli-psixoloji problemdir.

Mübariz Göyüşlü deyib ki, hazırkı şəraitdə Azərbaycan dövləti, xüsusilə dövlət başçısı şəhid ailələrinə xüsusi diqqətlə yanaşır: "Biz də bir vətəndaş cəmiyyəti olaraq şəhid ailələrinin yanında olmalıyıq, onlardan öz diqqət və qayğımızı əsirgəməməliyik".

Rey Kərimoğlu bildirib ki, torpaqlarının 20 faizə qədəri işğal altında olan Azərbaycanda gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsi, onlarda vətəndaşlıq vəzifələrinin və dövlətə sədaqət ruhunun aşılanması istiqamətində QHT-lərin həyata keçirdiyi tədbirlərin gözlənilən effekti verməsinə çalışılmalıdır.

Nahid Canbaxışlı Azərbaycan ordusunun döyüş ruhunun yüksək olduğunu, əsgərlərimizin hər zaman torpaqları işğaldan azad etməyə hazır olduğunu söyləyib.

Aqil Camal vurğulayıb ki, müharibədə tək silahla deyil, həm də ideya və qələmlə döyüşmək lazımdır: "Bu gün dünyada hərbi əməliyyatlarla birgə informasiya müharibəsi də aparılır. Bu baxımdan da informasiya müharibəsinin aparılmasına məsuliyyət KİV-lərlə yanaşı, vətəndaş cəmiyyətlərinin də üzərinə düşür".

Orta məktəb şagirdlərinin də iştirak etdiyi tədbirdə şəhid atası Seyfəddin Qurbanov oğlu Fəxrəddinin uşaqlıq, gənclik və döyüş yolundan danışıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi