Yuxarı

Əli Əhmədov: "Azərbaycan hökuməti girovların azad olunması istiqamətində bütün işləri görür"

Bütün dünya ictimaiyyətinin gözləri qarşısında ermənilər özlərini biabırçı vəziyyətə saldılar

Bakı. 20 yanvar. REPORT.AZ/ "Azərbaycan hökuməti girovların geri qaytarılması ilə bağlı çox ciddi işlər görür, əlindən gələn bütün işləri edir ki, girovlar azad olunsun". "Report" xəbər verir ki, bunu jurnalistlərə baş nazirin müavini Əli Əhmədov bildirib.

"İki girovun götürülməsi, "məhkəmə"nin qurulması onu göstərdi ki, Ermənistan hökuməti, separatçı rejim Azərbaycan millətinə, dövlətinə qarşı nə qədər düşmənçilik mövqeyində dayanır. Bu onların bizə aqressiv mövqe tutmasından irəli gəlir", - Ə.Əhmədov deyib.

Onun sözlərinə görə, bütün dünya ictimaiyyətinin gözləri qarşısında ermənilər özlərini biabırçı vəziyyətə saldılar: "Nə qədər ki, həmin girovlara qarşı mövqelərini bu cür saxlayacaqlar, dünya ictimaiyyəti qarşısında özlərinin həqiqi simalarını göstərəcəklər".

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan hökuməti girovların azad olunması istiqamətində bütün işləri görür və proses davam edir.

Xatırladaq ki, keçən ilin iyul ayında Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev qanunsuz olaraq tutulub, Həsən Həsənov isə öldürülüb. Həsən Həsənovun meyitini yalnız bir neçə aydan sonra alıb, Azərbaycanda dəfn etmək mümkün olub.

Azərbaycan bəyan edib ki, işğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz.

Lakin işğal altındakı torpaqlarda yaxınlarının məzarını ziyarət etməyə gedən D.Əsgərov və Ş.Quliyevlə bağlı qondarma məhkəmə qurulub və onların barəsində qanunsuz “məhkəmə hökmü” verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi