Azərbaycan diplomatı erməni səfirin cavabını verib

Azərbaycan diplomatı erməni səfirin cavabını verib “Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması qəbuledilməzdir”
Qarabağ
2 Noyabr , 2014 12:45
Azərbaycan diplomatı erməni səfirin cavabını verib

Bakı. 2 noyabr. REPORT.AZ/ Argentinanın ən populyar KİV-i olan “La Nacion” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin erməni səfirinin fikirlərinə cavab olaraq növbəti məktubunu dərc edib. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Azərbaycan diplomatı məqaləsində bildirir ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və qondarma “DQR” Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzünü ört-basdır etmək üçün qanunsuz olaraq yaradılıb və heç bir ölkə tərəfindən tanınmamış separatçı rejimdir. Yazıda vurğulanır ki, 1988-ci il SSRİ dönəmində Ermənistan SSR Azərbaycan SSR-yə qarşı əhalisi azərbaycanlılar və ermənilərdən ibarət olan Azərbaycanın Dağlıq Qarabağ əyaləti ilə bağlı ərazi iddiları irəli sürür, eyni zamanda 250 min azərbaycanlıları da Ermənistandan deportasiya edir. “SSRİ-nin dağılmasından sonra isə Ermənistan Azərbaycana qarşı hərbi təcavüz həyata keçirərək Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu - ölkəmin ərazilərinin 20 faizini işğal edir. Bu işğal nəticəsində həmin ərazilərdəki 750 min azərbaycanlı etnik təmizləməyə məruz qalaraq məcburi köçkünə çevrilir. İşğal prosesində Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq dinc azərbaycanlı əhaliyə qarşı qətliamlar, Xocalı soyqırımını törədir” - deyə, Azərbaycan səfiri qeyd edir.

M.Əhmədzadə bildirir ki, öz təcavüzünü ört-basdır etmək üçün Ermənistan xalqların öz müqəddəratını təyin etməsi prinsipindən istifadə etməyə çalışır. “Erməni xalqı Ermənistan dövləti yaratmaqla artiq öz müqəddəratını təyin edib və Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması qəbuledilməzdir. Bundan başqa, ermənilərin yaşamadığı ətraf rayonların işğalı və həmin ərazilərdən də bütün azərbaycanlıların qovulması onu göstərir ki, Ermənistanın xalqların öz müqəddəratını təyin etməsi prinsipinə istinad etməsi absurddur. Xalqların öz müqəddəratını təyin etməsi prinsipi Dağlıq Qarabağa azərbaycanlıların qaytarılmasını tələb edir. Dağlıq Qarabağ xalqı deyilən bir anlayış yoxdur, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları deyilən anlayışlar var və azərbaycanlı icması da oradan qovulub. Ermənilərin Dağlıq Qarabağdan azərbaycanlıları qovaraq orada öz müqəddaratını təyin etməyi tələb etmələri yolverilməzdir” - deyə, yazıda qeyd olunur. Diplomat, habelə bildirir ki, Dağlıq Qarabağa azərbaycanlılar qaytarıldıqdan sonra hər iki icma Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək muxtariyyət, sülh və ləyaqətlə yaşaya bilərlər və məsələnin yalnız bu cür həlli ədalətlidir və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş çoxsaylı sənədlərə, beynəlxalq hüquqa, BMT Nizamnamasinə və Helsinki Yekun Aktına uyğundur.

M.Əhmədzadə vurğulayır ki, Azərbaycan BMT Nizamnamasinə, xüsusilə də onun 51-ci maddəsində təsbit olunmuş hüquqlarına xələl gətirmədən münaqişənin sülh yolu ilə həllinə tərəfdardır, bu xüsusda 20 ildən artıqdır ki, hələ də heç bir nəticə verməyən danışıqlar prosesində iştirak edir. “Münaqişənin nizamlanmasına ən böyük əngəl Azərbaycan ərazilərində Ermənistan hərbi qüvvələrinin qalmasıdır. Bu qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qaytarılması münaqişanin nizamlanmasının açar elementləridir. XXI əsrdə beynəlxalq ictimaiyyət hərbi güc tətbiq etməklə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsini qəbul etmir”, deyə diplomat fikirlərini tamamlayır.

Yazı ilə buradan tanış olmaq mümkündür:

http://www.lanacion.com.ar/1740435-carta-de-lectores

Son xəbərlər

Orphus sistemi