Yuxarı
    Bağlamaq

    Azərbaycan BMT-nin sammitində Ermənistanı Suriya ermənilərini Dağlıq Qarabağa yerləşdirməkdə ittiham edib

    Firudin Nəbiyev: Ermənistan beynəlxalq hüquq norma və prinsiplərini kobud şəkildə pozur

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Məcburi köçkünlərin adambaşına düşən sayına görə dünyada ən böyük yükü Azərbaycan daşıyır.

    "Report" xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda keçirilən sammitində çıxışı zamanı Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.

    "Artıq 25 ildən çoxdur ki, Ermənistan beynəlxalq hüquq norma və prinsiplərini kobud şəkildə pozur, hazırkı "status-kvo"nun möhkəmləndirilməsinə yönəlmiş səylərini davam etdirir və məcburi köçkün düşən yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarına qayıtmasını əngəlləyir. Bundan əlavə, qeyd etmək lazımdır ki, [Ermənistan] hazırkı qaçqın böhranından sui-istifadə edərək Suriya ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirir", - deyə Nəbiyev əlavə edib.

    O bildirib ki, Azərbaycan hakimiyyəti məcburi köçkün probleminin həllini tam olaraq öz üzərinə götürüb. Xidmət rəisinin sözlərinə görə, Azərbaycan hökuməti sözügedən insanların məşğulluq, təhsil, mənzil, sosial və tibbi təminat məsələlərinin həllinə yönəlmiş tədbirlər həyata keçirir.

    "Onlar üçün, xüsusilə yüz yeni qəsəbə salınıb. Cəmi son 20 ildə Azərbaycan hakimiyyəti məcburi köçkünlərin problemlərinin həllinə təqribən 6 milyard dollar vəsait sərf edib", -deyə o bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi