Yuxarı

Azərbaycan XİN: “Azadlıq Radiosu"nun öz əməkdaşını Azərbaycanın işğal olunmuş ərazilərinə ezam etməsi qanunsuzdur

Müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra qeyd olunan şəxs “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək

Bakı. 21 yanvar. REPORT.AZ/ "Azərbaycanın rəsmi icazəsi olmadan “Azadlıq Radiosu”nun öz əməkdaşını Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə ezam etməsi qeyri-qanuni xarakter daşıyır və bu hal Azərbaycanın "Dövlət sərhədi haqqında" qanununun pozulmasıdır". "Report"un məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib.  

O deyib ki "Azadlıq Radiosu"nun bu cür qərəzli davranışı eləcə də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətsizliyin daha bir nümunəsidir: "Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalı, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkününün problemləri və Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımız ilə əlaqədar məsələlərə daim laqeyd və etinasız münasibəti ilə fərqlənən “Azadlıq Radiosu” bu fotolar vasitəsilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimi, işğal və təcavüzün nəticələrini təşviq edir və azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hisslərinə toxunur. Müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra qeyd olunan şəxs “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək".

Xatırladaq ki, 5 yanvar 2015-ci il tarixində “azadlıqradiosu.az” ünvanında fəaliyyət göstərən internet saytında “Azadlıq Radiosu”nun əməkdaşı kimi təqdim olunan Margot Buff adlı şəxsin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi və orada fotoçəkilişlər aparması barədə xəbər verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi