Yuxarı

Azərbaycan XİN fransalı merin Dağlıq Qarabağa qanunsuz səfərinə münasibət bildirib

Marlen Muryer etdiyi əməllərə görə məsuliyyətini dərk etməlidir

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan kütləvi informasiya vasitələrində Fransanın Burq Le Valans şəhərinin meri Marlen Muryenin Azərbaycan Respublikasının (AR) işğal olunmuş ərazilərinə səfər etməsi və Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə Burq Le Valans arasında “dostluq haqqında bəyanat”ının imzalanmasına dair məlumatlara şərh verib.

"Report"un məlumatına görə, Azərbaycan XİN mətbuat katibi vəzifəsini icra edən Hikmət Hacıyevin adından yayılan bəyanatda deyilir ki, Marlen Muryenin Azərbaycanın razılığı olmadan işğal edilmiş ərazilərinə səfəri qeyri-qanunidir və onun bu əməli dövlət sərhədi haqqında AR qanununun pozulmasıdır.

"Burq Le Valans şəhərinin merinin işğal və təcavüz əsasında Ermənistan tərəfindən yaradılmış qeyri-leqal və qondarma rejim ilə hər hansı bir sənəd imzalaması Fransanın qanunvericiliyinə və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik fəaliyyətinə ziddir. Fransa Prezidenti Fransua Olandın təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin Parisdə görüşünün keçirilməsi ərəfəsində Burq Le Valans şəhərinin merinin bu kimi qeyri-qanuni əməli Ermənistan və erməni diasporunun təsiri altında Fransa hökumətinə qarşı təxribatdır. Bu səfər və xüsusilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə qeyri-leqal olaraq “dostluq haqqında bəyanat”ın imzalanması öz doğma torpaqlarından, o cümlədən Şuşa şəhərindən Ermənistanın işğal, təcavüz və etnik təmizləmə əməlləri nəticəsində didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin həssas hisslərinə hörmətsizlikdir" - deyə, bəyanatda qeyd olunur. 

H.Hacıyev vurğulayıb ki, Marlen Muryer işğal olunmuş qondarma Dağlıq Qarabağ rejimi ilə təmaslarına görə separatizm, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin təşviqində rol oynayaraq, Burq Le Valans şəhərinin sakinləri qarşısında daşıdığı məsuliyyətini dərk etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi