Yuxarı

Aydın Mirzəzadə: "Artıq Ermənistan vətəndaşları özlərini Serj Sarqsyanın avanturist siyasətinə qurban vermək istəmirlər"

Son zamanlar cəbhədə baş verən hadisələr rəsmi Yerevanın Qarabağ məsələsində heç də dinc yola üstünlük vermədiyini göstərir

Bakı. 17 aprel. REPORT.AZ/ "Cəbhə xəttində baş verən insidentlərdə ermənilərin itkilərinin qat-qat çox olması Ermənistan cəmiyyətində böyük gərginlik yaradır. Artıq Ermənistan vətəndaşları özlərini Serj Sarqsyanın avanturist siyasətinə qurban vermək istəmirlər". Hakim Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə "Report"a açıqlamasında belə deyib.

Onun fikrincə, Azərbaycan ərazi bütövlüyü problemini müharibə yolu ilə həll etmək iqtidarındadır: "Ermənistanın hakimiyyət nümayəndələri, həttda prezidentin özü belə Azərbaycanla müharibədən ehtiyatlandıqlarını dəfələrlə bildiriblər. Güclər bərabər deyil. Azərbaycanın hərbi potensialı kifayət qədər böyükdür".

A.Mirzəzadə bildirib ki, son zamanlar cəbhə xəttində baş verən hadisələr rəsmi Yerevanın Qarabağ məsələsində heç də dinc yola üstünlük vermədiyini göstərir: "Ermənistanda hakimiyyətdə olan komanda ölkənin problemlərini həll edə bilmir. Erməni rəhbərliyi vətəndaşlar qarşısında simalarını tam itirməmək üçün yenidən Dağlıq Qarabağ kartından istifadə edirlər. Onların bu hərəkətləri cəbhə xəttində vəziyyətin gərginləşməsinə gətirib çıxarır. Bu gün sülh danışıqları ən perspektivli yoldur. Ancaq hərb yolu da istisna deyil. Azərbycan Ermənistana hərtərəfli təzyiqini davam etdirəcək. Bu, o vaxta qədər davam edəcək ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından öz qoşunlarını çıxartsınlar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi