Yuxarı
    Bağlamaq

    Avstraliya Azərbaycanlıları Cəmiyyəti Avstraliya XİN-ə Xocalı soyqırımının tanınması xahişi ilə müraciət edib

    Müraciətdə Avstraliya hökumətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində nümayiş etdirdiyi ədalətli mövqe xüsusi vurğulanır

    Bakı. 26 fevral. REPORT.AZ/ Avstraliyada fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Cəmiyyəti Xocalı qətliamının Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi tanınması xahişi ilə Avstraliya hökumətinə müraciət edib.

    "Report"un Azərtac-a istinadən verdiyi məlumata görəa. Xarici İşlər Nazirliyinə ünvanlanan müraciətdə qeyd edilir ki, 2017-ci il fevralın 26-da Xocalı soyqırımının 25-ci ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları keçmiş sovet ordusunun 366-cı alayı ilə birlikdə Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş cinayət törədiblər. Bu qətliam Dağlıq Qarabağ münaqişəsi ərzində öz qəddarlığı ilə seçilən ən dəhşətli qanlı hadisədir. Faciə zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib, 1275 nəfər əsir götürülüb. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə erməni silahlı qüvvələri şəhəri tərk etməyə çalışan mülki əhaliyə qarşı hücuma keçərək onlarla amansız davranıb. Həmin müdhiş gecədən 25 il keçməsinə baxmayaraq, hələ də bu cinayəti törədənlərdən heç biri mühakimə edilməyib, beynəlxalq məhkəmə qarşısında cavab verməyib.

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Xocalı faciəsi barədə fikirlərinin sitat gətirildiyi məktubda deyilir: “Qəddarlığı ilə seçilən bu faciə bəşəriyyət tarixində insanların kütləvi şəkildə qətlə yetirildiyi misli görünməmiş soyqırımıdır”.

    Məktubda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verilərək qeyd edilir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər artıq öz nəticəsini verməkdədir. Belə ki, dünyanın bir sıra ölkələri, o cümlədən ABŞ-ın 20-dən çox ştatı parlament səviyyəsində Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

    Əlavə olaraq bildirilir ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaqda davam edir. Həmin münaqişə nəticəsində ata-baba yurdlarından didərgin düşmüş bir milyon insan hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, beynəlxalq ictimaiyyət, dünya dövlətləri həmin əraziləri Azərbaycan torpaqları kimi tanıyır.

    Müraciətdə Avstraliya hökumətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində nümayiş etdirdiyi ədalətli mövqe xüsusi vurğulanır və Xocalı qətliamının ermənilərin azərbaycanlıları qarşı törətdiyi soyqırımı kimi tanınması xahiş olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi