Yuxarı
    Bağlamaq

    ​Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinə müraciət edib

    Təşkilat Şahbaz Quliyev və Dilqəm Əsgərovun pozulmuş hüquqlarının bərpası istiqamətində yardım göstərilməsini tələb edib

    Bakı. 11 dekabr. REPORT.AZ/ Avropa Azərbaycanlıları Konqresi (AAK) Avropa Parlamentinin insan hüquqları komissarı Nils Muiznieksə müraciət ünvanlayıb. 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar edilmiş müraciətdə Dağlıq Qarabağda girov götürülən və barələrində qondarma məhkəmə prosesi aparılan azərbaycanlılar - Şahbaz Quliyev və Dilqəm Əsgərov barədə məlumat verilir.

    Bu barədə “Report”a Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

    Müraciətdə Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsi, Azərbaycan torpaqlarının azad edilməsinə dair BMT-nin qəbul etdiyi qətnamələr xatırladılır. Daha sonra 2014-cü il iyulun 12-də doğulduqları torpaqlarda əzizlərinin məzarını ziyarət etməyə gedərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən Şahbaz Quliyev və Dilqəm Əsgərovun girov götürülməsi, Həsən Həsənovun isə öldürülməsi faktı vurğulanır. Müraciətdə həmçinin qondarma rejimin bu insanlarla bağlı “məhkəmə” prosesinə başlamasının qanunsuz olduğu bildirilir.

    Avropa Azərbaycanlıları Konqresi Beynəlxalq İnsan Hüquqları Günündə Avropa ictimaiyyətini insan hüquqlarının norma və prinsiplərinin pozulmasına biganə qalmamağa çağırıb. Azərbaycanlı girovların həyatının hər an təhlükədə olduğu vurğulanan müraciətdə təşkilat Şahbaz Quliyev və Dilqəm Əsgərovun pozulmuş hüquqlarının bərpası istiqamətində yardım göstərilməsini tələb edir.

    “Biz dünya ictimaiyyətini beynəlxalq hüquq normaları çərçivəsində və ikili standartlara yol vermədən Ermənistanın işğal siyasətinə münasibət bildirməyə, insanların pozulmuş hüquqlarının müdafiəsi və bərpası üçün birlik və obyektiv mövqe nümayiş etdirməyə çağırırıq” - müraciətdə deyilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi