ATƏT PA-nın xüsusi nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsinin effektiv həllərini tapmaq çətindir"

ATƏT PA-nın xüsusi nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsinin effektiv həllərini tapmaq çətindir" "Davam edən qeyri-sabitlik regionda zorakılığın yenidən artmasıyla nəticələnə bilər"
Qarabağ
18 Aprel , 2016 10:36
ATƏT PA-nın xüsusi nümayəndəsi: Dağlıq Qarabağ münaqişəsinin effektiv həllərini tapmaq çətindir

Bakı. 18 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin effektiv həllərini tapmaq çətindir, hazır reseptlərdən istifadə etmək olmaz".

"Report" xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Almaniya və Fransa sərhədində ATƏT-in 15 ölkəsindən olan deputatların görüşündə həlli uzadılmış münaqişələrin nizamlanması üzrə müzakirələrə həsr olunmuş görüşündə deyib.

"Hər bir münaqişə fərqlidir və biz hazır reseptlərdən istifadə edə bilmərik. Müəyyən bir şəraitdə işləyən bir vasitə başqa bir halda əks-effekt verə bilər", - deyə K.Vigenin bildirib.

Onun sözlərinə görə, hazırda regionda vəziyyət çox gərgin olaraq qalır: "Rusiya və Türkiyə arasında qarşıdurma, Ukraynadakı problemlər, Rusiya ilə Avropa Birliyi və ABŞ arasında çətin əməkdaşlıq, Yaxın Şərqdə davam edən digər müharibələr və münaqişələr. Bütün bunlar vəziyyətin gərginliyindən xəbər verir. Amma bu, daha fəal işləməyə əsas verir. Çünki davam edən qeyri-sabitlik regionda zorakılığın yenidən artmasıyla nəticələnə, yüzminlərlə insan evini, gələcəyini və hətta həyatını itirə bilər".

K.Vigenin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha geniş çərçivədə həllər axtarmağı və münaqişənin bütün tərəfləri üçün davamlı və qəbul edilən hərtərəfli razılaşma barədə danışıqlar aparılmasını məsləhət görüb.

"Burada bir tərəfin özünü qalib, digərinin məğlub hiss edəcəyi qərar ola bilməz. Güzəştə gedib nəyin kompromiss meydanında müzakirə edilə biləcəyi aydınlaşdırılmalıdır. "Hər şey və ya heç nə" prinsipi tətbiq edilə bilməz", - deyə K.Vigenin bildirib.

Son xəbərlər

Orphus sistemi