ATƏT MQ-nin həmsədri: "Tərəflərlə məsləhətləşmələr aparmaq üçün yazda regiona səfər edəcəyik"

ATƏT MQ-nin həmsədri: "Tərəflərlə məsləhətləşmələr aparmaq üçün yazda regiona səfər edəcəyik" "Hərbi əməliyyatların bərpasının qarşısını almaq üçün mümkün olan hər şeyi etmək lazımdır"
Qarabağ
27 Yanvar , 2017 12:46
ATƏT MQ-nin həmsədri: Tərəflərlə məsləhətləşmələr aparmaq üçün yazda regiona səfər edəcəyik

Bakı. 27 yanvar. REPORT.AZ/ "Ədalətli həmsədr kimi Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinə gətirib çıxaracaq dinamika yaratmaq ümidi ilə fəal çalışacağam".

"Report" xəbər verir ki, bunu Ermənistanın "Mediamax" nəşrinə müsahibəsində ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti deyib.

"Qafqaz regionu ilə çoxdan tanışam. Ermənistan, Azərbaycan və Gürcüstana ilk səfərimi 1999-cu ildə - tələbə olarkən səyahətə çıxdığım zaman etmişəm. Regionun zəngin və qeyri-sabit tarixini araşdırmışam və burada yaşayan bütün xalqlara qarşı heyranlıq və yaxınlıq hiss edirəm", - deyə həmsədr deyib. O əlavə edib ki, 1997-2002-ci illərdə Fransanın baş naziri Lionel Jospenin beynəlxalq məsələlər üzrə müşaviri olan zaman ATƏT-in Minsk qrupunun işi ilə təmasda olub.

S.Viskonti Fransanın xarici işlər nazirinin ona bu postu təklif etdiyi zaman çox ruhlandığını qeyd edib: "Şübhəsiz, bu, asan iş deyil, ancaq söhbət sülh, sabitlik və region xalqlarının rifahından gedirsə, bu məqsədə görə bütün qüvvəni səfərbər etmək olar".

Həmsədr vəzifəsində işlərinin çətin olacağından danışan S.Viskonti ən çətin işin tərəflər arasında etimad və dialoqu bərpa etmək olduğunu bildirib: "Hərbi əməliyyatların və ya hər hansı gərginliyin yenidən başlamasının qarşısını almaq üçün mümkün olan hər şeyi etmək lazımdır. Axı onlar hamıya ziyan vurur".

S.Viskonti eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinin dəqiq tarixinin hələ bilinmədiyini vurğulayıb: "Çox güman, həmsədrlər tərəflərlə məsləhətləşmələr aparmaq üçün yazda regiona səfər edəcək".

Son xəbərlər

Orphus sistemi