Yuxarı

ATƏT-in Minsk qrupunun həmsədrləri: "Vertolyotun qalıqları təmas xəttinin neytral zonasının minalanmış ərazisindədir"

Vasitəçilər vertolyotun düşdüyü əraziyə humanitar çıxışın olmamasından narahatdırlar

Bakı. 20 noyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri "noyabrın 12-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan hərbi vertolyotun düşdüyü əraziyə humanitar çıxışın olmamasından narahatdırlar".

"Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bu gün yaydıqları birgə bəyanatda bildirilir.

"Vertolyotun qalıqları təmas xəttinin neytral zonasının minalanmış ərazisindədir. Biz tərəfləri vertolyotun düşdüyü yerin bilavasitə yaxınlığında atəşi dayandırmağa və ətraf ərazinin minalardan təmizlənməsinə yardım etməyə çağırırıq", - deyə vasitəçilərin bəyanatında bildirilir.

Həmsədrlər öz 12 noyabr tarixli bəyanatlarını bir daha qeyd edərək, tərəflərə atəşkəs rejiminə əməl olunması üzrə üzərlərinə götürdükləri məsuliyyətləri və Soçi, Nyuport və Paris görüşlərində bildirildiyi kimi münaqişənin sülh yolu ilə nizamlanması yollarının axtarılmasına sadiq olacaqlarını xatırladıblar.

Noyabrın 12-də Ermənistana məxsus "Mi-24" tipli hərbi vertolyot Azərbaycan Silahlı qüvvələrinin mövqelərinə hücum edərkən Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərqdə vurulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi