Bakı. 2 aprel. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində atəşkəs rejiminin genişmiqyaslı pozulması barədə xəbərlərə görə ciddi narahatlığını ifadə ediblər.
"Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında deyilir.
"Biz gücdən istifadəni qətiyyətlə qınayırıq və insanların, o cümlədən mülki vətəndaşların mənasız ölümünə görə təəssüflənirik", - deyə həmsədrlər bildirib.
Onlar tərəfləri atəşkəsə əməl etməyə və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırıblar.
ATƏT-in Minsk qrupunun həmsədrləri vurğulayıb ki, münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur və müharibə seçim variantı ola bilməz.