Yuxarı

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışdıqlarını bəyan edib

Bəyanat Sergey Lavrov, Con Kerri və Harlem Dezir adından yayılıb

Bakı. 3 dekabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə vasitəçi olmağa bağlı olduqlarını bildirib.

"Report" xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir adından birgə bəyanat yayılıb.

Bəyanatda tərəflərin ATƏT-in Minsk Qrupunun dəstəyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanın qarşıdan gələn görüşünü müsbət qarşıladığı bildirilir.

Həmsədr ölkələr münaqişə tərəflərinin 2014-cü ildə Soçi, Uels və Parisdə başlanılan müzakirələri hərtərfli nizamlanma elementləri əsasında davam etdirməli və 2016-cı ildə dialoqu daha da fəallaşdırmalı olduqlarını bəyan edib.

Bəyanatda həmçinin cəbhə xəttində zorakılığın əhəmiyyətli dərəcədə artması ilə əlaqədar olaraq status-kvonun qəbuledilməzliyi qeyd edilib: "Biz xüsusilə minaatanlardan və ağır silahlardan istifadəni qınayırıq və mülki əhali arasında yaşanan itkilərə görə başsağlığı veririk. Tərəfləri gərginliyin səviyyəsini azaltmağa və insanların həyatını xilas etməyə çağırırıq".

Bundan əlavə, həmsədr ölkələr itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsindəki irəliləyişi alqışlayıb. Həmsədrlər eyni zamanda tərəfləri qalan bütün məhbusları qaytarmağa çağırıb.

Bəyanatda həmçinin Minsk qrupuna qarşı olan şifahi hücumlardan da danışılır: "Bir daha qeyd edirik ki, ATƏT-in Minsk qrupu münaqişə tərəflərinin qəbul etdiyi yeganə formatdır. Həmsədrlərin hər fürsətdəcə tənqid olunması sülhə doğru gedən yolda maneədir. Ümumi məqsədlər üçün tərəflərlə yaxından işləməyə hazır olduğumuzu təsdiq edirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi