Yuxarı

ATƏT-in fəaliyyətdə olan sədri: "Uzunmüddətli münaqişələrin həlli üçün səyləri gücləndirmək lazımdır"

İvitsa Daçiç: Bu gün münaqişələrin həllinin açarı tərəflərin öz əlindədir

Bakı. 15 yanvar. REPORT.AZ/ ATƏT məkanında uzunmüddətli münaqişələrin həlli Serbiyanın təşkilatda sədrliyinin gündəliyində duran əsas məsələlərdən biri olacaq. "Report" xəbər verir ki, bu barədə ATƏT-in fəaliyətdə olan sədri, Serbiya baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç Vyanada ATƏT-in Daimi Şurasının iclasında çıxışı zamanı bildirib. 

O qeyd edib ki, Serbiya ATƏT-də sədrliyi çərçivəsində 2015-ci ildə Ukraynada davamlı atəşkəsin əldə edilməsinə və münaqişənin həllinə, eləcə də ATƏT məkanında bütün uzunmüddətli münaqişələrin həllinə köməklik etmək niyyətindədir. 

"Güman edirəm ki, ATƏT məkanında uzunmüddətli münaqişələrdə mövcud status-kvodan irəliləmək imkanı var və biz bu istiqamətdə səylərimizi gücləndirməliyik", - İ.Daçiç bildirib. 

O, münaqişə tərəfləri arasında əlaqələrin saxlanılması və görüşlərin keçirilməsinin davam etdirilməsinin zəruri olduğunu vurğulayıb. 

"Bəzi konkret addımlar tərəflər arasında etimadı artıra bilər", - ATƏT-in fəaliyyətdə olan sədri deyib. 

Serbiya XİN rəhbərinin sözlərinə görə, bu gün münaqişələrin həllinin açarı tərəflərin öz əlindədir.

O qeyd edib ki, ATƏT bu münaqişələrin həlli üçün siyasi iradənin yaranması məqsədilə səyləri dəstəkləməyi vəd edib.

İ.Daçiç münaqişələrin təkrarlanmasına və mövcud münaqişələrin gərginləşməsinə yol verməməyin zərurətini vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi