Yuxarı
    Bağlamaq

    Astanada “Bir də heç zaman: Aşarşılık, Holokost, Komboca, Xocalı, Ruanda” adlı fotosərgi keçirilib

    Tədbirdə Azərbaycanın əməkdar artisti, dirijor və bəstəkar İslam Manafovun ifasında musiqilər səsləndirilib

    Bakı. 22 fevral. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astana şəhərində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunan “Bir də heç zaman: Aşarşılık, Holokost, Komboca, Xocalı, Ruanda” adlı fotosərgi təşkil olunub. Tədbirdə bəşəriyyət tarixində baş verən beş ən dəhşətli soyqırımı birlikdə anılıb, daha belə cinayətlərin təkrarlanmaması üçün həmrəylik nümayiş etdirilib, həmçinin həmin soyqırımıların əks olunduğu fotolar nümayiş etdirilib.

    Bu barədə "Report"a Azərbaycanın Qazaxıstandakı səfirliyindən bildirilib. 

    Məlumata görə, Azərbaycanın bu ölkədəki səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası və Qazaxıstan Dövlət Tarixi İnstitutunun dəstəyi ilə keçirilən tədbirdə tanınmış dövlət və ictimai xadimlər, diplomatik korpusların nümayəndələri, beynəlxalq qurumların təmsilçiləri, diaspor təşkilatlarının üzvləri, jurnalistlər və digər qonaqlar iştirak ediblər. 

    Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov heç kimin bu kimi hadisələrin yenidən təkrarlanmasından sığortalanmadığını və sərginin də başlıca məqsədinin sülhə çağrış olduğunu qeyd edib: "Bir sıra beynəlxalq və ictimai təşkilatların dəstəyi ilə tarixin və insanlığın üz qarası olan soyqırımıları birlikdə anmaqda əsas məqsədimiz sülhə çağırmaq, dünya ictimaiyyətini, cəmiyyəti bu kimi soyqırımılarla tanış etmək və nə zamansa yenidən belə cinayətlərin törədilməsinin qarşısını almağa çalışmaqdır. Beş dəhşətli soyqırımı hadisəsinin hər birinin ayrı-ayrılıqda fotosərgilərini təşkil etməklə onların formaca fərqli, mahiyyətcə eyni olduqlarını, bəşəriyyət əleyhinə nə dərəcədə ağır bir vandallıq aktı törədildiyini bir daha diqqətə çatdırmağa çalışdıq".

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, bu tədbir dünyada qlobal problemlərdən birinə həsr olunub: "Kamboca, Ruanda, Xocalı və Holokost soyqırımıları, Aşarşılık insan yaddaşında qanlı iz buraxıb. Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı dünyada zorakılığı, qəddarlığı və qeyri-insanı cəza üsulları ilə bəşər tarixində vəhşilik aktıdır. Bu faciəvi hadisədən 26 il keçməsinə baxmayaraq, insanların qəlbində ağrılarla xatırlanır. Xocalı soyqırımı zamanı yüzlərlə müxtəlif yaşlı dinc sakin güllələndi, azyaşlı uşaq, qoca öldürüldü. Bütün bu hadisələrdən danışanda biz müxtəlif xalqları, dinlərindən asılı olmayaraq, bir anda yaxınlarını itirmiş, milyonlarla evlərindən sürgün olunmuşları yaddan çıxara bilmərik. Uşaqların ölüm faciəsi hər bir xalqın gələcəyinin faciəsidir. Müharibə və soyqırımı sivilizasiyanı tərk etməlidir. Bununla mübarizə hər birimizin borcudur. Bu hadisələrin nəticəsində insanlar məhv olur, min illərlə yaradılan mədəniyyət abidələri dağıdılır. Məhz belə günlərdə türkdilli xalqlar ümumi irsin qorunması üçün daha da sıx birləşməlidirlər. Biz zorakılığın, terrorun əleyhinəyik. Biz inanırıq ki, birlik və sülh yolu ilə vandalizmi və zorakılığı dəf edəcəyik".

    Astana şəhərinin baş ravvini Şmuel Karnaux səfirliyin soyqırımıların xatırlanması, ədalətin bərpa olunması və sülhə çağırış təşəbbüsünü yüksək qiymətləndirib: "Belə faciələr hər birimiz üçün ağrılıdır. Nə etmək lazımdır ki, bir daha belə faciələr təkrarlanmasın? Onun üzərində düşünmək, yüzminlərlə, milyonlarla insanların qətlinə gətib çıxaran bu cür hadisələrin heç bir zaman baş verməməsinə çalışmaq lazımdır. Soyqırımılarda yaşananların, çox yaxın bir tarixdə reallaşan bütün dünyanın gözü önündə mülki əhalinin qətliama uğradılması faktlarının dünyanın hər yerində ictimaiyyətin diqqətinə gətirilməsi və bu cür cinayətlərin qarşısının alınması üçün vacib bir tədbirdir".

    Qazaxıstan Dövlət Tarixi İnstitutunun direktor müavini Amangəldi Kaşkimbayev ötən əsrin 30-cu illərində məqsədyönlü şəkildə Qazaxıstanda və Orta Asiyada milyonlarla insanın aclıqdan tələf edilməsinə yönəldilmiş Aşarşılık qətliamını da yad etdiyi üçün Azərbaycan səfirliyinə minnətdarlıq ifadə edib, Xocalı, Holokost və digər soyqırımıların tarixə və insanların qəlbinə qara ləkə kimi düşdüyünü bildirib.

    Tədbirdə Azərbaycanın əməkdar artisti, dirijor və bəstəkar İslam Manafovun ifasında musiqilər səsləndirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi